Minsk qrupu nə zaman ləğv edilir - AÇIQLAMA

SİYASƏT
17:51 / 19.12.2020
2212

“Minsk qrupunun həmsədrlərinin regiona səfəri zamanı da aydın görünürdü ki, daha çox Fransanın cəhdləri qabarıqdır. Fransa bitən Qarabağ münaqişəsindən sonrakı prosesdə yer almaq istəyir”.

Bu sözləri Modern.az-a ATƏT-in Minsk qrupunun bundan sonrakı fəaliyyətindən danışarkən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev deyib. Sədr qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi bitsə də, Ermənistan və Azərbaycan arasında münaqişə davam edir:

“Ermənilər Azərbaycanın işğaldan azad edilən ərazilərində terror cəhdlərinə əl atırlar. Gizlənnmiş silahlı ermənilərin hücumları, iki ölkə arasındakı sərhədlərin demarkasiyası və erməni tərəfinin əsassız iddiaları davam edir. Ermənistan hələ də çıxış edir ki, qondarma Dağlıq Qarabağa müstəqillik verilməlidir. Bütün bu proseslərdə faktiki olaraq Minsk qrupu kənarda qalıb. Bütün məsələlər Rusiya və Türkiyənin iştirakı ilə həll olunub.

Hesab edirəm ki, Minsk qrupunn həmsədri kimi formal olaraq iştirak edən Rusiya və Amerikadır. Amerikada indi administrasiya tam formalaşdırılmayıb, fevral ayından fəaliyyətə başlayacaq. Ona görə Fransanın canfəşanlığı daha çox gözə çarpır. Amma bu canfəşanlıq birbaşa Ermənistanı dəstəkləməyə, ermənilərin maraqlarını güdməyə hesablanıb. 

Rusiyalı həmsədrin koronavirusa yoluxması səbəbindən görüşlərdə iştirak etmədiyi diqqətə çatdırıldı. Amma hesab edirəm ki, bu sadəcə görünən tərəfidr. Rusiya istəyir ki, birbaşa özü bu prosesdə iştirak etsin, hətta Türkiyənin də rolu minimuma çatsın”. 

F.Şəfiyevin fikrincə, bütün bu proseslərin fonunda Minsk qrupunun ləğvi çətin məsələdir: 

“ATƏT-də bütün qərarlar konsensus şəklində qəbul olunmalıdır. Mən inanmıram ki, Fransa, ABŞ, Ermənistan bu formatın ləğvinə razı olacaq. Artıq Minsk qrupunun fəaliyyəti formal olaraq qalacaq. Ölkə başçısının “mən sizi çağırmamışam, siz özünüz gəlmisiniz” fikirləri o deməkdir ki, mən sizin fəaliyyətinizdən birincisi, narazıyam, ikincisi bundan sonra heç nə gözləmirəm. Minsk qrupunun bundan sonrakı mandatının nədən ibarət olacağı hələ də aydın deyil. Ermənistan və Azərbaycan arasındakı hər hansı konstruktiv fəaliyyətdən söhbət gedərsə, əlaqələrin bərpasında, iqtisadi əməkdaşlıqda və s. Hansısa vasitəçilikdən söhbət gedə bilər. Amma yaxın gələcək üçün bunlar müzakirə mövzusu deyil. İndi daha vacib hədəflərimiz var. Əsirlərin qalan hissəsinin  mübadiləsi, bütün erməni qalıqların təmizlənməsi, minalardan təmizlənmə və s . gündəmimizdir. Minsk qrupu formal olaraq qalacaq. Amma mahiyyət etibarilə hələ ki, tutarlı işlə məşğul olmayacaqlar”.

1