28 il əvvəl millətimiz acı günlər yaşayırdı. Bir tərəfdən ölkədə hakimiyyət boşluğu, hərc-mərclik, digər tərəfdən erməni qəsbkarlarının öz havadarlarının köməyi ilə torpaqlarımızı hissə-hissə ələ keçirməsi milli tariximizin qara səhifələri kimi yadda qalıb. Bu ərəfədə ən faciəli günlərdən biri Qarabağın və bütövlükdə vətənimizin ürəyi olan Şuşamızın işğalı idi. Həmin gün mən öz həmkarlarımla hərbi qospitalda Şuşanın müdafiəsində döyüşlərdə yaralanmış şanlı əsgər və zabitlərimizin müalicəsi ilə məşğul idim. Güclü psixoemosional sarsıntı altında idim. Necə ola bilərdi ki, üç tərəfdən qala kimi qorunmuş Şuşa düşmən əlinə keçə bilmişdi. Döyüşlərdə iştirak edib yaralanmış əsgər və zabitlərimiz də bu çaşqınlıq hissi içərisində idilər. Və mən fikirləşirdim ki, sabahkı gün biz bu qalanı düşməndən geri ala biləcəyikmi? O günü görmək mənə nəsib olacaqmı?
28 ildən sonra 2-ci Qarabağ savaşı başlayan gündən mənim rəhbərliyim altında City hospitalın kollektivi Bakıda Mərkəzi hərbi hospitalda, yeni klinikada yaralıların müalicəsində aktiv şəkildə iştirak elədik. Artıq şanlı ordumuz yeni-yeni qələbə müjdələri ilə iləliləyirdi. Biz qərara aldıq ki, kollektivlə birgə ön cəbhəyə yollanaq. Öyrəndik ki, döyüşə ən yaxın bölgə Füzuli rayonudur və bütün yaralılar Füzuli Diaqnostika Mərkəzinə təxliyə olunur, orada yaralı əsgərlər ya yerində əməliyyat olunur, ya da durumuna uyğun olaraq digər hospitallara köçürülür. Buna görə, kollektiv olaraq Füzuli Diaqnostika Mərkəzini seçib ora yollandıq. Orada sutka ərzində dayanmadan bütün döyüş bölgələrindən (Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı) gətirilən yaralı əsgər və zabitlərimizdə böyük ruh yüksəkliyi hiss etdik. Bu əhval-ruhiyyə bizə də ruhi güc verdi. Qısa dövr ərzində kollektivimiz bir sutkaya 100-200 nəfərə qədər yaralı əsgərlərə eyni anda ilkin tibbi yardım, həkim yardımı və yüksək ixtisaslı yardim göstərmişdir. Hər gələn yaralıdan Şuşa haqqında soruşurduq. Sanki hər kəs Şuşanın azad olunmasına hədəflənmişdi, bunu əsas məqsəd kimi qarşıya qoymuşdu. Bütün əsgərlər öz yaralarını Şuşaya gedən yolda alırdılar. Bir məqsəd vardı – Şuşaya gedən yolla qələbəyə çatmaq. 4-5-6 noyabrda ilk yaralılarımız Şuşa ətrafında gedən qızğın döyüşlərdə, 6 noyabrda isə Şuşanın içərisində yaralananlar daxil olurdu. Bu bizə yuxu kimi gəlirdi. Xarici hərbi ekspertlər deyirdi ki. Şuşaya gedən yollar keçilməzdir, texnika üçün də keçilməzdir. Ona görə də Şuşanın fəthi mümkünsüz sayılırdı. Lakin şanlı əsgərlərimiz bu keçilməz səddi uğurla dəf edirdilər. Həmin dövrdə yaralı əsgər və zabitlər, tibb personalı arasıında hökm sürən ruh yüksəkliyini sözlə ifadə etmək çətin idi. Biz dayanmadan 24 saat işləyirdik. Heç bir yorğunluq, aclıq hiss etmədən çalışırdıq. Artıq 08 noyabr tarixində Şuşa azad idi.
1992-ci ildən başlayan Şuşa nisgilli yol prezidentimizin, şanlı əsgər və zabitlərimizin qəhrəmanlıqları nəticəsində Şuşanın azad olması ilə sona çatdı. 1992-ci ildə keçirdiyim ağır sarsıntı, ruh düşkünlüyü, 2020-ci ildə keçirdiyim, sözlə ifadə edilə bilmədiyim emosional coşqu ilə əvəz olundu. Mən bütün dostlarıma, kollektivimə minnətdarlıq hissi ilə sevincimi onlarla bölüşürdüm. Mən çox xöşbəxtəm ki, Şuşaya gedən bu yolda az da olsa bizim də zəhmətimiz var.
Bu yolda bizə dəstək olan, adını bilib bilmədiyim bütün insanlara, o cümlədən, “Kim construction” şirkətinin baş direktoru Samir Abbasquliyevin, Nərimanov rayon İcra Hakimiyyətinin müavini Nurlan Həsənovun, iş adamı Anar Əlizadənin köməyini xüsusi minnətdarlıq hissi ilə qeyd etmək istəyirəm. Bu yolda xidmətini əsirgəməyən bütün həkim kollektivinə, o cümlədən, prof.Aqşin Bağırova, İnar Seyidova, Sənan Quliyevə, Elnur Mirzəliyə, Ülvi Əliyevə, Rəşid Əliyevə, Fərid Məmmədova, İsmayıl İbrahimova də özəl təşəkkürrümü bildirirəm.
Bayram Qorçiyev
City Hospitalın rəhbəri,
Tibb elmləri üzrə fəlsəfə doktoru,
Travmatoloq-ortoped