Devalvasiya riski: real və nəzəri aspektlər

İQTİSADİYYAT
16:00 / 23.12.2020
1864

2021-ci ilin ilin dövlət büdcəsi layihəsinin layihəsinin əsas parametrləri açıqlanıb. Artıq ikinci dəfə Maliyyə Nazirliyi tərəfindən büdcə müzakirələrində ictimai iştirakçılığın təşviqi, büdcəöncəsi debatların və açıq müzakirələrin başlamasına imkanın yaradılması məqsədilə sentyabrın 1-də, büdcə müzakirələri başlamamışdan qabaq "Dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama” - "İlkin Büdcə Bəyanatı” yayımlanıb.

Sənəddə ortamüddətli dövr üzrə makroiqtisadi proqnozlar, büdcə-vergi siyasətinin əsas istiqamətləri, dövlət borcu üzrə məlumatlar və s. ilə yanaşı, icmal və dövlət büdcəsinin 2021-ci il və sonrakı üç il üzrə əsas parametrləri öz əksini tapmışdır.

Ümumiyyətlə, qarşıya qoyulan əsas strateji hədəflərin büdcə vasitəsilə reallaşdırılması zamanı maliyyə-iqtisadi imkanlara mümkün neqativ təsirlərin minimuma endirilməsi üçün risklərin qiymətləndirilməsi və idarəedilməsi daim diqqət mərkəzində olmalıdır. Maliyyə Nazirliyinin yayımladığı növbəti ilin büdcə layihəsinin izahatında da manatın məzənnəsinin xarici valyutalara qarşı dəyərdən düşməsi büdcə xərclərinin, xüsusilə də xarici borca xidmətlə bağlı xərclərin artımına səbəb ola biləcək risklərdən biri kimi qeyd edilib. Kifayət qədər ciddi təhlil sənədi olan bu izahatda belə risk qiymətləndirmələrinin aparılması və qeyd edilməsi mütərəqqi təcrübədir, hətta beynəlxalq təşkilatların tövsiyyələrində də öz əksini tapır.

Digər tərəfdən nəzərə almaq lazımdır ki, məzənnə siyasətinin həyata keçirilməsi Maliyyə Nazirliyinin səlahiyyətinə aid olmadığından bunun baş vermə ehtimalı haqqında da nazirlik tərəfindən heç bir rəy verilə biməz. Bu sənəddə də sadəcə olaraq risk amillərinin büdcə parametrlərinə təsiri təhlil edilib, onların baş vermə ehtimalı qeyd edilməyib. 

Maliyyə Nazirliyi sənədin "Fiskal risklər” bölməsində manatın məzənnəsinin dəyərdən düşməsi ilə yanaşı, neftin qiymətinin dəyişməsinin, eləcə də digər makroiqtisadi göstəricilərin dəyişməsinin büdcənin gəlir və xərclərinə mümkün təsirlərini təhlil edib, potensial riskləri qeyd edib.  Ancaq bu məlumatlara istinad edib devalvasiyanın gözlənildiyi haqda proqnozlar ciddi deyil və peşəkar yanaşmaya uyğun gəlmir. 

Birincisi, karonavirusla bağlı karantin rejimi bütün ölkələrdə olduğu kimi, Azərbaycan iqtisadiyyatına da neqativ təsirlər göstərib və göstərməkdədir. Karantin rejimin nə vaxt bitəcəyi iıə bağlı real proqnozlar yoxdur və bu baxımdan da devalvasiya riskini qeyd etmək tam normaldır. 

Yeri gəlmişkən, 2020-ci ilin ilkin büdcə layihəsində neftin qiyməti 50 dollardan hesablanmışdı. Ancaq bu il neft 27 dollara qədər ucuzlaşdı və hökumət də adekvat olaraq büdcəyə yenidən baxdı və neftin qiymətini 35 dollardan hesabladı. İndi neftin qiyməti 50 dollara yaxınlaşıb. Təbii ki, neftin qiymətində olan bu kəskin eniş-yoxuşları öncədən proqnozlaşdırmaq mümkün deyildi. Ancaq hökumət  vəziyyəti nəzarətə götürdü və devalvasiya baş vermədi. Baxmayaraq ki, devalvasiya riski böyük idi və büdcə gəlirlərinin 60 faizindən çoxu neft sektorunun payına düşürdü. Ancaq problem nəzəri olaraq mövcud idi.

İkincisi, devalvasiya riskini artıran amillərdən biri xarici ticarət dövriyyəsinin saldosudur. 2020-ci ilin 9 ayında (yanvar-sentyabr) Azərbaycanın xarici ticarət dövriyyəsi 18 milyard 403 milyon dollar, o cümlədən ixrac 10 milyard 579 milyon dollar, idxal isə 7 milyard 823 milyon dollar təşkil edib. Nəticədə 2 milyard 756.37 milyon dollarlıq müsbət xarici ticarət saldosu yaranıb. Bu isə devalvasiya riskini əhəmiyyətli dərəcədə azaldır. 

Üçüncüsü, devalvasiya riskini yaradan amillərdən biri tədiyyə balansının saldosudur. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 1 milyard 804 milyon dollar olub. Ancaq ötən il tədiyyə balasında 4 milyard 166,8 milyon dollarlıq qalıq yaranmışdı. Qısası, hələ ehtiyat var devalvasiya riski yalnız nəzəri baxımdan qiymətləndirilməlidir.

Başqa bir məsələ, dövlət borcuna xidmətlə bağlı xərclərin artmasını əsas gətirməklə manatın məzənnəsinin ucuzlaşdırılacağı ehtimalını qurmaq da diletant yanaşmadır. Çünki, Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyada yazılıb ki, strategiya hər 2 ildən bir yenilənməlidir. Yəni orada qeyd olunan hədəflər, göstəricilər mövcud iqtisadi şəraitə uyğunlaşdırılıb, yenilənir. Eyni zamanda, strateji valyuta ehtiyyatlarının ÜDM-in 100 faizinə yaxın olması, həmçinin borcun ÜDM-ə nisbətinin digər ölkələrlə müqayisədə çox aşağı olduğu bir məqamda bu narahatlıq doğurmamalıdır.

Təbii ki, iqtisadi proqnozlarda bütün risklər nəzərə alınmalıdır. Xüsusilə də indiki vaxtda – yəni sərt karantin rejimində. Ancaq hökumətin də borcudur ki, bu riskləri önləmək üçün zəruri addımlar atsın. Hələ ki, hökumətin addımları adekvatdır!

Qadir İBRAHİMLİ

0
Qaynarinfo