Rusiyanın torpaq hərisliyi bitmək bilmir: Bu dəfə bu türk ölkəsi...

DÜNYA
19:13 / 24.12.2020
2142

Rusiya Dövlət Dumasının hakim "Vahid Rusiya” Partiyasından olan üzvü Vyaçeslav Nikonov Qazaxıstana qarşı ərazi iddiaları irəli sürüb. O bəyan edib ki, "Qazaxıstan (tarixən) mövcud olmayıb, şimal hissəsi ümumiyyətlə, məskunlaşmamışdı. Qazaxlar cənubda mövcud idilər. Respublikanın (Qazaxıstanın) ərazisinin böyük hissəsi Rusiya və SSRİ tərəfindən "bağışlanıb””.

Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi rusiyalı deputatın iddialarını sərsəmləmə adlandırıb. Rusiyanın səfiri Qazaxıstan Xarici İşlər Nazirliyinə çağırılaraq sərt etiraz bildirilib. Rusiyada isə Qazaxıstana ərazi iddiaları irəli sürənlərin sırası genişlənir.

Rusiya Dövlət Dumasının hakim "Vahid Rusiya” Partiyasından olan üzvü Yevgeni Fyodrov isə rəsmi Astananın addımlarını sərt tənqid edib. O, bir daha  "Qazaxıstana bağışlanan ərazilər"dən danışaraq Qazaxıstan XİN-nin reaksiyasını nankorluq kimi qiymətləndirib. Onun sözlərinə görə, Qazaxıstan Sovet dövründə ərazilərin bir hissəsini icarəyə götürüb, SSRİ-dən çıxandan sonra isə əraziləri geri qaytarmalı idi. 

Fyodrov çıxışı zamanı Qazaxıstanın Rusiya ilə vahid dövlət şəklində birləşməsinin labüdlüyünə dair çağırış da edib.  

Siyasi müşahidəçilərin fikrincə, Rusiya Dövlət Dumasının üzvlərinin Qazaxıstanla bağlı dedikləri təsadüf deyil. Rusiyada zaman-zaman Qazaxıstana qarşı ərazi iddiaları irəli sürülüb. Lakin rəsmi Astananın indiyə qədər apardığı rasional siyasəti Kremlin niyyətini qismən də olsa neytrallaşdıra bilmişdi. Son illər isə Nazarbayev başda olmaqla Qazaxıstan rəsmiləri dövlətçilik tarixlərini önə sürməklə Rusiyanın iddialarına qarşı çıxmağa başladılar.  Qazaxıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Gömrük İttifaqının üzvü olmasına baxmayaraq, Rusiyanın təhdidi ilə üzləşməsi qəribə görünə bilər. Ancaq fakt budur ki, rəsmi Astana Rusiyanın hegemon olduğu təşkilatlarda üzv olmaqla yanaşı son illər müstəqil daxili və xarici siyasət aparmağa başlayıb. Və regional layihələrdə müstəqil şəkildə iştirak etməyə can atır. Görünür, Kreml Qazaxıstanı məhz regional layihələrdən çəkindirmək üçün ərazi iddialarının gündəmdə qalmasına çalışır…

4
Qaynarinfo