Qarabağlı ermənilərin qara günləri başlandı... (ŞOK HESABAT)

SİYASƏT
11:02 / 24.12.2020
7170

Savaş başlayandan bəri Dağlıq Qarabağ erməniləri iqtisadi durumları ilə bağlı statistikanı ilk dəfə açıqlayıblar.

Maraqlı məqamlar var.

Məsələn, 2019-cu illə müqayisədə qarabağlı ermənilərin əkin sahələri 8 dəfə azalıb. Taxıl səpiləcək sahələr 15 dəfə azalaraq cəmi 41 kvadrat kilometr təşkil edir.

Əgər əvvəllər qarabağlı ermənilər Ermənistana taxıl yollayırdılarsa, indi ac qalmamaq üçün Ermənistandan taxıl almalı olacaqlar.

Meyvə bağlarının ümumi sahəsi 23 dəfə, sitrus bağlarının sahəsi - 43 dəfə, üzümlüklərin sahəsi 54 dəfə, elektroenerji təminatı mənbələri 29 dəfə və s. azalıb.

Şərabçılıq, mədənçilik, taxta-şalban istehsalı və s. kimi sahələr, ümumiyyətlə, yoxa çıxmış sayıla bilər.

Qarabağlı ermənilərin özləri də etiraf edirlər ki, artıq iqtisadiyyatları yoxdur.

Zəruri ehtiyaclarla tələbatın Ermənistan hesabına təminatına gəldikdə isə, bu, çox problematik məsələdir.

Dağlıq Qarabağdakı ermənilər, hələ ki, Ermənistandan elektroenerji, təbii qaz və mobil rabitə ilə təmin olunurlar. Lakin bu proses maksimum 3 il davam edəcək.

3 ildən sonra isə qarabağlı ermənilər tam iqtisadi kollapsla üzləşəcəklər və seçim qarşısında qalacaqlar - ya elektroenerji, qazpaylama şəbəkəsi və mobil rabitəni Azərbaycana inteqrasiya etməli, ya da bəhs olunan ünsürlərdən məhrum yaşamağa başlamalıdırlar.

Qarabağlı ermənilərin separatçılıq meyllərinin qatili də elə iqtisadiyyat olacaq.

Rəqəmlərə nəzər salaq.

Qarabağlı ermənilərin elə öz statistikalarına görə, 2019-cu ildə terrorçu xuntanın ümumdaxili məhsulu təqribən 713 milyon dollar olmuş, 2020-ci ilin əvvəllərində 678 milyon dollar təşkil etmişdi.

Yəni dünyanın ən kiçik iqtisadiyyatları sayılan Samoa (851 milyon dollarlıq ÜDM) və Vanuatudan (917 milyon dollar) belə az.

Qarabağlı ermənilərin iqtisadiyyatlarının 88 faizi Azərbaycanın işğal edilmiş ərazilərinin hesabına təmin olunurdu.

Daha dəqiq olsaq, Xankəndindəki xuntanın ÜDM-nin istehsalat strukturunda dağ-mədən sənayesi, yəni işğal edilmiş ərazilərimizdəki yataqlardan qızıl, mis, molibden, mərmər, inşaat materialları və s.-nin istehsalı əlahiddə yer tuturdu.

Yenə də işğaldakı rayonlarımızda yerləşən kiçik su-elektrik stansiyaları sayəsində qarabağlı ermənilər nəinki özlərini elektroenerji ilə tam təmin edir, hətta onu Ermənistana da verirdilər.

Dağlıq Qarabağda istehsal olunan kənd təsərrüfat məhsulları, tikinti materialları və şərablar Ermənistana daşınır, oradan da "Ermənistan istehsalı" leybli ilə ixrac olunurdu.

Qarabağlı ermənilərin "ixracat"ının əsasını mineral məhsullar (73 faiz), qiymətli və yarıqiymətli daşlar (8 faiz), habelə kənd təsərrüfatı məhsulları (7 faiz) təşkil edirdi.

Ermənistan isə qarabağlı ermənilərə "büdcə krediti" adı ilə təmənnasız maliyyə yardımları ayırıb. Məsələn, 2019-cu maliyyə ilində bu yardımların ümumi həcmi 121,2 milyon dollar təşkil edib.

Müxtəlif ölkələrdəki erməni diaspor təşkilatları da qarabağlı ermənilərə sürəkli və fasiləsiz maliyyə yardımları edirlər. Lakinr bu yardımların məbləği heç bir rəsmi sənəddə göstərilmir.

Fəqət, indi qarabağlı ermənilər üçün qara günlər başlayıb. Onlar nə edəcəklərini, özlərini necə təmin edəcəkləri bilmirlər.

... Gerçəkdən də, iqtisadiyyat bütün hallarda siyasətdən daha effektiv təsir vasitəsidir.

Elçin Alıoğlu

2
milli.az