"Əhalinin müxtəlif sosial qruplarına maddi dəstək verilməsi ilə bağlı təşəəbbüslərin ictimai müzakirəsi göstərir ki, Azərbaycanda bir sıra sosial norma və normativlərin dəyişdirilməsinə ehtiyac var. Həmin normaitvlərlərdən biri də yaşayış minimumudur".
HİT.Az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Rövşən Ağayev bildirib.
Ekspert hesab edir ki, Azərbaycanda yaşayış minimumunun hazırkı strukturu insanları yoxsulluqdan deyil, aclıqdan qorumaq üçündür:
"Nəzərə alaq ki, Azərbaycan artıq 15 ilə yaxındır Dünya Bankının təsnifatında "aşağı gəlirli ölkə" qrupundan "orta yuxarı gəlirli ölkə" qrupuna keçib. Və bu 2 təsnifat arasında yoxsulluğun ölçülməsi üçün istifadə olunan adambaşına düşən gəlir səviyyəsi arasında 2 dəfə, eləcə də istehlak normativlər arasında əhəmiyyətli fərq var.
Bizim hökumət rəsmi olaraq ərzaq və qeyri-ərzaq səbətinin dəyərini ayrı-ayrılıqda təsdiqləmir, amma beynəlxalq təcrübədə onlar ayrıca təsdiqlənir. İndi hardan bilmək olar ki, təsdiqlənən 190 manatdan hansı məbləği ərzaq xərcimiz kimi nəzərdə tutulur? Nə mane olur ki, qərarda ərzaq, xidmət və qeyri-ərzaq səbətinin dəyəri ayrıca təsdiqlənsin? Onu da nəzərə alın ki, bizdə yoxsulluq səviyyəsi ailə bazasında hesablanır, yoxsulluq müavinəti də ailə üçün təyin edilir - üzvlərinin sayından asılı olaraq.
Məsələn, Türkiyə təcrübəsinə "aclıq sınırı" və "yoxsulluq sınırı" ayrıca hesablanır. "Aclıq sınırı" insanların yalnız ərzağa olan tələbatının dəyəridir. Türkiyədə yaşayış minimumunun dəyərinin 70%-i qeyri-ərzaq və xidmətlər səbətinə aiddir.
İkinci vacib məqam - niyə Azərbayacanda fərdlə yanaşı ailə üçün yaşayış minimumu, istehlak səbətlərinin dəyəri ayrıca təsdqilənmir? Əslində bu cür normativ olsa, hazırda həssas qruplar üçün sosial ödənişləri asanlıqla təyin etmək olar. Dünya təcrübəsində 1 nəfər üçün hesablanan yaşayış minimumu ilə yanaşı, 2,3,4 və daha çox üzvdən ibarət olan ailələr üçün də yaşayış minimumu ayrıca təsdiqlənir.
Hətta Bakı və Sumqayıt kimi şəhərlə yanaşı ölkənin digər bölgələri üzrə yaşayış minimunun ayrıca təsdiqlənməsi imkanlarına da baxmaq lazımdır. Ən azından rəsmi statistika adambaşına xərclərdə 20-25% fərqin olduğunu göstərir".