XİN niyə susur: Balanslı diplomatiya, yoxsa mövqesizlik?.. 

SİYASƏT
15:21 / 28.12.2020
1338

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı Rusiyanın Qarabağla siyasətini şərh edib.

Politoloq rəsmi Moskvanın Azərbaycanın suverenliyinə münasibətinin suallar doğurduğunu vurğulayıb: 
 
"Müstəqilliyimiz, ərazi bütövlüyümüz, bütün ərazilərimiz üzərində suverenliyimiz bizim üçün vazkeçilməzdir, müqəddəsdir. Hansı mərhələdə nə qədərini təmin edə biləcəyimiz imkanlarımızdan, regional və beynəlxalq şəraitdən və s. amillərdən asılı ola bilər. Amma xəttimiz düzgün, mövqeyimiz prinsipial olmalıdır. 
 
Rusiya Federasiyasının rəsmi qurumlarının ərazilərimizlə bağlı yanaşması suverenliyimizə hörmətsizlik ruhunda olmamalıdır. Bəzilərinin rəsmi yanaşması hətta bu ölkənin prezidenti Putinin bəyan etdiyi (ürəyindəkini bilmirik) yanaşmasına da uyğun deyil.

Sanki "Dağlıq Qarabağ" adlı ayrıca bir yer, ya da qurum varmış kimi davranmaları (məlumatlarda bu ifadəni Azərbaycanın adını çəkmədən müstəqil bir ərazinin adı kimi işlətmələri, Xankəndində yaşayan ermənilərlə sanki müstəqil bir qurumun rəhbərliyi kimi davranmaları və s.) qəbuledilməzdir.

Aydındır ki, Rusiya Federasiyasına aid "sülhməramlılar"ın gəlməsinin detallarını (səbəblərini, şəraiti) tam bilmirik. Mümkün fayda və riskləri barədə təxminlərimiz var. Amma suverenliyimizə hörmətsizlik qəbuledilməzdir. Necə ki, avqustun 12-də prezident İlham Əliyev Putinə zəng vuraraq məqsədinin Rusiyadan Ermənistana daşınan silahlarla bağlı məsələnin aydınlaşdırılması olduğunu vurğulamışdı. İndi də Xarici İşlər Nazirliyimiz oxşar addımlar ata bilər. Çox güman ki, nəsə əldə olunar. Amma hətta heç nə əldə olunmasa belə, ən azı suverenliklə bağlı həssaslığımızı açıqlasınlar. Diplomatiyamızın balanslı, səbrli, diqqətli, ehtiyatlı xarakteri pis deyil. Amma bütün bunlar mövqesizlik səviyyəsinə enməməlidir.

Azərbaycan daha öncə dəfələrlə gücü və imkanı bizdən qat-qat artıq olan dövlətlərə prinsipial mövqeyini nümayiş etdirib. Bu günə qədər əldə etdiklərini də səbirliliklə prinsipiallıq arasındakı o incə xətti qorumağa borcluyuq. Hər şeyi prezident deməməlidir. XİN suverenliyimizə hörmət məsələsində daha diqqətli və prinsipial olmalıdır”.

0