Vətən müharibəsində canından keçən qəhrəman oğullarımızdan biri də şəhid Mirzəyev İbad Mansur oğludur.
Ailənin son beşiyi olan İbad hələ uşaq yaşlarında qəlbindəki Vətən sevgisi ilə yaxınlarının məhəbbətini qazanıb.
İbad Mirzəyev orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. 2019-cu ildə hərbi xidmətini Murovdağ kimi çətin dağlıq relyefi olan ərazidə şərəflə başa vurub. O, yenidən ordu sıralarına qayıdaraq, xidmətini müddətdən artıq hərbi qulluqçu kimi davam etdirmək istəyib.
Sentyabrın 27-də müharibə başlayanda İbad da könüllü olaraq ön cəbhəyə yollanıb. Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan istiqamətlərində gedən ağır döyüşlərdə fədakarlığı ilə seçilib, düşmənin xeyli sayda canlı qüvvəsinin və texnikasının məhv edilməsində qəhrəmanlıqlar göstərib. Cəbhə yoldaşları İbadın 20-dək düşmən əsgərini məhv etdiyini bildirirlər.
Cəsur döyüşçümüz valideynlərinə yazdığı məkublarından birində torpaqlarımızı tezliklə işğaldan azad edərək, geri qayıdacağını bildirmişdi. İbadın ailə üzvləri ilə son telefon danışığı oktyabrın 19-da olub. O, cəbhənin ən ağır yerində döyüşməsinə baxmayaraq, hər şeyin yaxşı olduğunu və tezliklə evə qələbə ilə dönəcəyini deyib. Lakin Füzulinin işğaldan azad edilməsi uğrunda gedən ağır döyüşlərdən birində düşmən snayperinin gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olub. İbad Mirzəyev oktyabrın 21-də Ağsunun Kəndoba kənd qəbiristanlığında torpağa tapşırılıb.
Cəsur döyüşçümüz göstərdiyi igidliyə görə “Vətən Uğrunda” medalı ilə (ölümündən sonra) təltif olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.