2020 - Pandemiya, özünütəcrid, Brexit, Qarabağ, qələbə

SİYASƏT
17:33 / 30.12.2020
1817

Elnur Aslanov, 
siyasi elmlər doktoru

Siz misal üçün, 2015-ci ilin nə ilə əlamətdar olduğunu, yadda qaldığını xatırlayırsınız? Bəs, 2017-ci ilin? Şəxsi həyatınızda deyil, bütün dünyada? Heç nə xatırlaya bilmirsiniz? 2020-ci il isə bütün dünyanın və Azərbaycanın tarixinə yazılacaq ildir.

Pandemiya – ilin rəmzinə çevrilən nəsnə

Vebsterin lüğətinə görə, "pandemic", "pandemiya" 2020-ci ilin ən məşhur sözüdür. Bu dəfə ən məşhur söz dövrü, düşüncələri və insanların həyatını müəyyənləşdirdi. Biz əvvəlcə qorxduğumuz, sonradan isə həyat normasına çevrilən bir nəsnə ilə qarşılaşdıq. Gerçəyi qəbul edərək, güclü olmağı və uyğunlaşmağı öyrəndik.

Yaşadığımız ilk şok və özünütəcrid ayları bizə ətraf aləmdə deyil, öz daxilimizdə güc tapmağı, çətinliklərə sinə gərməyi, qarşıya qoyulan məqsəddən bir addım belə kənarlaşmamağı öyrətdi. Pandemiya bizi sındırmadı. Təxirə salınması doğru olmayan işləri daha rahat günlərədək ertələməyimiz üçün səbəb olmadı. Başqaları axınla üzməyə çalışdıqları bir vaxtda biz toparlanmağı bacardıq.

Azərbaycanda ilin əvvəlində yalnız bu mürəkkəb dövrdə maliyyə çətinlikləri yaşayanlara - aztəminatlı insanlara, müəssisələrə və s. necə kömək edəcəyimizdən bəhs etdik. İlin sonunda da ehtiyac sahiblərinə kömək məqsədilə əlimizdən gələni edir, eyni zamanda da işğaldan azad edilmiş ərazilərimizin dirçəldilməsi üçün planlar qururuq. Bu gün tamamilə fərqli ambisiya və istəklərimiz var. Yeni, bizə məlum olmayan heç nədən qorxub çəkinmirik, əksinə, cəsarətlə buna doğru irəliləyirik və anlayırıq ki, problemlərin əksəriyyəti əslində problem deyil. Problemi isə artıq həll etmişik.
 
Brexit – ilhamvericidir

İlin əvvəlində Böyük Britaniya Avropa İttifaqından çıxdığını elan etdi və onun nümunəsi ilhamverici oldu. Avropa İttifaqını Böyük Britaniyasız necə təsəvvür etmək olar? Amma göründüyü kimi, Böyük Britaniyanı Avropa İttifaqından kənarda təsəvvür etmək heç də çətin deyilmiş.

Brexit dünya miqyasında hər şeyin dəyişə biləcəyinə bir nümunə oldu. Böyük Britaniyanın Avropa İttifaqından çıxmasından cəmi 3 gün sonra dünyadakı bütün istifadəçilər "pandemiya" sözünü axtarmağa başlayacaqlar. Cəmi doqquz ay yeddi gün keçəcək və biz pandemiyanın həyat normasına çevrildiyi, Qarabağın bizə aid olduğu bir dünyada oyanacağıq...

Qarabağ – qayıdan ərazilər

Həmin gün yadınızdadır? Noyabrın 10-u səhərimizi Qarabağın qaytarılması xəbəri ilə açdığımız günü deyirəm. O günkü sevincimizi, qürurumuzu, həmrəyliyimizi xatırlayırlayırsınız?

İlin sonunda Azərbaycan tamamilə fərqli bir ölkədir - ərazilərini azad edən, kifayət qədər yüksək ambisiyaları olan bir ölkə; infrastruktur layihələrinin inkişafının yeni tempinə qədəm qoyan və azad edilmiş ərazilərin bərpasına başlayan bir ölkə...

 

Bu il yekdil və həmrəy olduğumuzu anladıq. Xalqımız birdir. Bu birgəlik və birgəliyimizin dərki bizə rahatlıq, qürur və güc bəxş edir 

 

Əlbəttə, Qarabağın sənayesi bir gündə inkişaf etməyəcək. Axı 30 il yad əllərdə idi, bundan sonra faktiki olaraq, Qarabağımızı yenidən quracağıq. Bu proses azından beş-yeddi il çəkəcək, böyük yatırımlar tələb olunacaq, amma biz onları tapacağıq. Dövlət tək deyil, iş adamları, eləcə də hər bir Azərbaycan vətəndaşı bacardığını edəcək.

Bu il yekdil və həmrəy olduğumuzu anladıq. Xalqımız birdir. Bu birgəlik və birgəliyimizin dərki bizə rahatlıq, qürur və güc bəxş edir. Qarşıda nələr olacağı vacib deyil, biz bir yerdəyik və birlikdə bütün çətinliklərə, maneələrə sinə gərməyə qadirik. Siyasi və dini baxışlarımızın, yaşımızın və statusumuzun heç bir əhəmiyyəti yoxdur. Xalqımızın ortaq ali bir məqsədi var və biz birlikdə həmin məqsədə çatacağıq.

Bu siyasətdə də öz əksini tapdı. İlk dəfə hakimiyyət və müxalifət arasında belə məhsuldar bir dialoq quruldu. Dövlətin inkişafı üçün tarixi əhəmiyyət kəsb edən bir məqamda bu qarşılıqlı əlaqə tərəqqi üçün yeni bir təkan idi.

Bu il həmçinin anladıq ki, iqtisadiyyat təkcə neftdən asılı ola bilməz. Yeni istiqamətlər yaratmaq üçün bilik, bacarıq və təcrübəmizi birləşdirməliyik. Humanitar təşkilatlar bu sahədə xüsusi rol oynamalı, amma onların işi asılılıq formatında qurulmamalıdır, onlar vəzifələri yerinə yetirmək və qarşıya qoyulmuş hədəflərə çatmaq üçün fəaliyyət göstərməlidirlər.

2020-ci ildə onlayn təhsilin meydana çıxması səbəbindən təhsil sektoru yeni bir səviyyəyə yüksəldi. Çoxları bu məsələ ilə bağlı mənimlə mübahisə edə bilər, amma tamamilə əminəm ki, Oksford və Harvard professorundan onlayn təhsil almaq imkanı ilə adi orta məktəb dərslərində iştirak etmək imkanı müqayisə edilə bilməz. Əgər harasa getmək bu qədər vacibdirsə, demək tələbənin kifayət qədər motivasiyası yoxdur. Motivasiyası olan gənclər anlayır ki, əvvəllər döyməyi xəyal belə etmədikləri qapılar bu gün onların üzünə açıqdır.

Özünütəcrid inkişafa təkan verdi

Rusdilli internet resurslarında ilin sözü "özünütəcriddir”. Bu anlayış özü ilə birgə çoxlarının xəyal etdiyi "distant həyat tərzini" də gətirdi. Evdən işləmək adi hal aldı, üstəlik, məhsuldarlığı da artırdı. Belə ki, adi iş qrafiki ilə, yəni səhər saat 9-dan axşam saat 6-dək ofis şəraitində işləyən insan daha çox yorulurdusa, indi iş vaxtı xeyli genişləndi, istirahət üçün də daha çox vaxt ayırmaq imkanı əldə edildi. Bir çox ofislər səhər saat 9-dan axşam saat 21-ə qədər iş formatına keçib, bunun sayəsində digər ölkələrdən olan tərəfdaşlarla qarşılıqlı əlaqə qurmaq üçün daha çox zaman qalır. Rahat ev şəraitində işləyən insan məhsuldarlığını əhəmiyyətli dərəcədə artıra bilər.

Yeni günün gerçəkliyi ZOOM, Microsoft Teems və s. konfranslarıdır. Bu, insanın coğrafi məkanını tərk etmədən dünyanın istənilən bölgəsi ilə əlaqə yaratmaq imkanlarını daha da genişləndirir, bir sıra xidmətləri əlçatan edir, bu sonsuz sayda veb seminar, mühazirə, onlayn dərs sayəsində özünü daha da təkmilləşdirmək üçün gözəl vasitədir. İnsanın özü ilə tək qaldığı bu yeni reallıqlarda hər birimiz özünəməxsus təcrübə qazandıq. Birlikdə olduğumuz zaman nə qədər güclü olduğumuzu da anladıq. Həmçinin hər birimizin ayrı-ayrılıqda, xüsusilə də hamımızın birlikdə bu vaxtadək təsəvvür belə etmədiyimiz böyük işlər görmək iqtidarında olduğumuzu dərk etdik.

Hamı bu ili məzəmmət edir, onun tezliklə bitməsini gözləyir, mən isə deyirəm ki, bu il Azərbaycan üçün uğurlu oldu. Bu parlaq, ziddiyyətli il canlar alsa da, bizə Qarabağımızı bəxş etdi! Məhz buna görə də 2020-ci il əla ildir!

Mənbə: 1 News.az
Tərcümə: Selcan /Sfera.az

1