Bakıda tikinti şirkəti tənha qadının başına oyun açdı - FOTOLAR

ÖLKƏ
12:20 / 02.01.2021
1401

Bakıda tikinti şirkəti tənha yaşayan qadının evininin bir hissəsini qanunsuz olaraq söküb. Söküntünün dayandırılması ilə bağlı məhkəmə qərarı olsa da icra olunmur. Övladı hərbi xidmətdə olan qadının evi indi tikintinin içərisində qalıb.

Hit.Az musavat.com-a istinadla xəbər verir ki, tikinti özbaşınalığı Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində “Cavid 2016” MMC tərəfindən həyata keçirilir.

Şirkət tərəfindən inşa edilən “Zümrüd” yaşayış kompleksinin tikintisi zamanı qanunsuz və hüquqa zidd hərəkətlərə yol verilib.

Vətəndaş Şahbazova Lamiyə Zülfüqar qızı sözügedən ərazidə ikiotaqlı mənzilə sahibdir və yaşayış evi "Malakan kilsəsi" deyilən ikimərtəbəli binanın 2-ci mərtəbəsində yerləşir.

Lamiyə Şahbazova xroniki xəstəlikdən əziyyət çəkir. Mülkiyyətçinin evi xarabalığa çevirilib. Bütün rəsmi qurumlara edilən müraciətlərə baxmayaraq “Cavid 2016” MMC rəhbərliyinin qanunsuz hərəkətlərini dayandıran yoxdur.

Çoxmənzilli yaşayış binasının tikintisinə icazə verənlər ərazidə olan mənzillərin qəzalı vəziyyətə salınmasına nəzarət etmir. Mülkiyyət sahibinin razılığı olmadan onun evinin bir hissəsi dağıdılıb.

Mənzil sahibinin qaz xətti sıradan çıxarılıb, sayğacı götürülüb, elektrik xətti kəsilib, sayğacı aparılıb. Sayğacları sökən, mənzili qəzalı vəziyyətə salanlara qarşı heç bir tədbir görülməyib.

Vəkil Səbuhi Axundov bildirir ki, son olaraq isə evə qalxan pilləkənlər sökülüb: “Vətəndaşın əmlakı məhv edilir, cinayət törədilir, mülkiyyət hüquqları, mənzil hüquqları pozulur. Məhkəmənin söküntüyə qadağa qoyulmasına dair iddianın təmin tədbiri haqqında qərardadını aktlaşdırmaq üçün icra məmuru ilə ora getmişdik. Şirkətin sahibi Xudu adlı şəxs icra məmurunun telefonuna zəng elədi. İcra məmuruna "get işinlə məşğul ol” dedi. Sonra nəsə danışdılar, hüquqşünasları gəldi və qərar izah olundu ki, sökmək qadağandır. Mən o qərardaddan da şikayət vermişəm ki, söküntü qadağan edilirsə, tikinti də qadağan olunmalıdır. Bu qərar icraya çatana kimi sökdüklərini söküb qadının evinin pəncərəsinin önünü beton tunba ilə bağladılar”.

Qeyd edək ki, “Cavid 2016” MMC-nin adı 2018-ci ildə Prezident Administrasiyasına vətəndaşların ən çox şikayət etdiyi şirkətlər sırasındadır.

1