Prezident özünü iqtisadi-sosial problemlərdən ayırmalıdır ki... - Ekspertdən təklif

SİYASƏT
12:06 / 02.01.2021
1658

İqtisadçı ekspert Natiq Cəfərli 2021-ci illə bağlı təkligflər irəli sürüb.

Hit.Az xəbər verir ki, ekspert hərbi üstünlüklərin böyük qazanca çevrilməsinin yolunun sistem dəyişikliyindən keçdiyini bildirib:

"2020-ci il məmləkətimiz üçün həm çox ağır, həm də çox düşərli və inanılmaz il oldu. Şəhid və qazilərimizin qəhrəmanlığı bizə möhtəşəm hərbi qələbə bəxş etdi. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə acil şəfalar diləyirəm. Hərbi qələbənin siyasi, diplomatik, iqtisadi, sosial üstünlüyə, böyük uğura çevrilməsi üçün 2021-ci il çox mühim il olacaq. Doğru təməllər atılmalı, düzgün qərarlar verilməlidir. Hərbi qələbə insanımızı sevindirsə də, vətəndaşların köklü problemləri - sosial vəziyyətin ağırlaşması, kasıblığın və işsizliyin artması, alıcılıq qabiliyyətinin aşağı düşməsi, iqtisadi çətinliklər heç yerə itib-getməyib, tam tərsi, daha da kəskinləşib. Yaranmış yeni əlverişli geo-siyasi və hərbi üstünlüklərin böyük qazanca çevrilməsinin artıq tək yolu qalıb - sistem dəyişikliyi. Yeni konstitusiya, bundan doğacaq yeni "oyun qaydaları”, idarəetmənin təkmilləşdirilməsi artıq olmazsa-olmazdır. Çünki iqtisadi və sosial problemlərin kökündə duran məsələ siyasidir" .

Natiq Cəfərli qeyd edib ki, iqtidsadi islahatların aparılması üçün iradəetmə fəlsəfəsi və üsulu dəyişməlidir:

"Təməl ümumbəşəri dəyərlərə və dövlət quruculuğu prinsiplərinə başlamalıyıq – qüvvətlər ayrımından tutmuş, yerli idarəetməyə qədər hər şey yenidən dizayn olmalıdır. Prezident özünü iqtisadi-sosial problemlərdən ayırmalı, bu sahələr gücləndirilmiş parlamentar sistem çərçivəsində məhz gələcək parlamentdən çıxacaq hökumətə həvalə edilməlidir. Prezident xarici siyasət, daxili və xarici təhlükəsizlik, ordu quruculuğu işini öz üzərinə və birbaşa idarəetməsinə götürməklə yeni qaydalarla yaradılacaq hökumətə iqtisadi-sosial məsələlərin həllində sərbəstlik verməlidir ki, hökumətdə məsuliyyət də yaransın. Çünki səlahiyyət həm də məsuliyyət deməkdir.

Natiq Cəfərli təklif edir ki, vitse-prezidentlik institutuna da yenidən baxılmalıdır:

"Birinci vetse-prezidentlik konstitusiyada qala bilər, amma bir neçə vitse-prezidentlik yaradılması müddəası konstitutsiyadan çıxarılmalıdır. Təbii ki, yerli özünüudarə institutu da yenidən təsis edilib seçkili Mer institutu yaradılmalı, bu addım elə Qarabağın hələ tam bizim nəzarətimizdə olmayan bölgələri ilə bağlı status məsələsini də həll etməlidir. Yəni, ölkənin tamamında eyni qaydalar ilə vətəndaşlar yerli seçkilərdə özlərinə Mer və təmsilçilər seçməlidirlər. Hüquq-mühafizə və məhkəmə sistemi də yeni qaydalarla dizayn edilib biznesə, iqtisadiyyata ağır bağ, yük olmaqdan çıxmalıdır".

0