"Türkiyə diplomatiyası Rusiyadan istədiyi cavabı almayınca Hulusi Akar dərhal Bakıya gəldi".
Qaynarinfo xəbər verir ki, bu sözləri politoloq Nəzakət Məmmədova Türkiyə müdafiə nazirinin Bakıya son səfərini şərh edərkən deyib.
Onun sözlərinə görə, Rusiya və Türkiyə xarici işlər nazirlərinin Soçidəki danışıqlarında razılaşma olmayıb:
"Çavuşoğlu Soçidə çox gərgin idi. Ola bilər ki, Lavrovla Qarabağ danışıqları Türkiyənin gözlədiyi nəticəni verməyib. Türkiyə diplomatiyası Rusiyadan istədiyi cavabı almayınca Hulusi Akar dərhal Bakıya gəldi. Əgər Soçi danışıqları Türkiyənin istədiyi nəticəni versəydi, Bakıya Akar yox, Çavuşoğlu gəlib Azərbaycan rəhbərliyini şəxsən məlumatlandırardı və ya Akarla Çavuşoğlu birgə gələrdilər.
Türk diplomatiyası Bakı səfərində önə hərb nazirini çəkməklə Rusiyaya demarş etdi, üstəgəl, Hulusi Akar Azərbaycanla Qarabağdakı yaxın gələcəkdə əməliyyatları müzakirə etmiş ola bilər. Türkiyə və Rusiya İlham Əliyevlə Paşinyanın görüşünə və sülh müqaviləsi imzalanana qədər vəziyyət üzərinə mümkün qədər əl qoymaq yarışına giriblər.
Müharibə başa çatmayıb, o, sadəcə olaraq modifikasiya dəyişikliyinə uğrayıb, növbəti mərhələsinə qədəm qoyub. Qarabağ separatçıları kontraktlı ordu yaratmaqdan dəm vururlarsa, kim qarant ola bilər ki, onların sırasına "Vaqner” muzdlu ordusu tipli başkəsənlər cəlb edilməyəcək? Təbii ki, muzdlu ordu peşəkarlardan formalaşır. Rusiya və separatçılar qarşıdakı 4-5 ilə hazırlıq görürlər. Onlar hər zaman müttəfiq olublar və olacaqlar.
Biz təbii ki, bu ölüm-qalım savaşında ağıllı, soyuqqanlı və həmrəy olmalıyıq".