8 gün əvvəl yaranan şirkət nazirliyin tenderini qazandı

İQTİSADİYYAT
09:54 / 07.01.2021
1048

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Uşaq Somatik Sanatoriyası tərəfindən keçirilən tender müsabiqəsinin (kotirovka sorğusu) qalibi “Alvis” MMC (VÖEN- 1604207911) olub.

“Alvis” MMC 1 nömrəli Uşaq Somatik Sanatoriyasının sifarişi ilə bu quruma dəftərxana və təsərrüfat malları satacaq.

Qeyd olunan mallar üçün 1 nömrəli Uşaq Somatik Sanatoriyası “Alvis” MMC-yə 10 min 88 manat ödəyəcək.

Məlumat üçün bildirək ki, “Alvis” MMC – 18.11.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. 1 nömrəli Uşaq Somatik Sanatoriyası tender müsabiqəsini 01.12.2020-ci il tarixində elan edib. Bu isə o deməkdir ki, tender müabiqəsinin qalibi olan MMC tender elanının verilməsindən cəmi 12 gün əvvəl yaranıb. Bu günlərin də 4-ü şənbə və bazar günləri olaraq qeyri iş günləri olub.

Onu da bildirək ki, “Alvis” MMC barədə açıq internet resurslarda heç bir məlumata rast gəlmək mümkün deyil. Cəmi 8 gün (iş günü) əvvəl yaranan və 10 min manatlıq tenderin qalibi olan MMC Bakı şəhəri, Nizami rayonu, Əliağ Kürçaylı, ev 63, m. 112 ünvanında qeydiyyatdadır. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Əliyev Kamil İsmayıl oğludur.

Məlumat üçün bildirək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması lazımdır. Tender müsabiqəsindən cəmi 8 gün əvvəl yaranan bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı da aydın deyil.

Onu da qeyd edək ki, bu cür vəziyyət səhiyyə müəssisələri tərəfindən keçirilən tenderlərdə qeydə alınan ilk hal deyil. /Yeniavaz


0