44 günlük Vətən müharibəsi zamanı Azərbaycan-İran dövlət sərhədinin 132 km-lik hissəsinin, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları da böyük qəhrəmanlıqlar göstəriblər.
HİT.Az xəbər verir ki, Report-un çəkiliş qrupu Zəngilan rayonunun Ağkənd sərhəd döyüş məntəqəsində olarkən Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Babək Ələkbərovla həmsöhbət olub.
B.Ələkbərov Zəngilanın və Xudafərin ərazilərinin işğaldan azad edilməsini Ali Baş Komandana raport vermiş hərbçimizdir. Onun sözlərinə görə, Zəngilanın azad edilməsi 24 saat ərzində baş tutub:
"Azərbaycan sərhədçiləri tərəfindən Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazi azad edilib, o cümlədən 24 saat ərzində 105 km məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirilib.
Çox xoşbəxtəm ki, Zəngilan şəhəri və Xudafərin ərazilərinin düşməndən azad edilməsini cənab Ali Baş Komandana mən məruzə etdim".
Vətən Müharibəsi Qəhrəmanı onu da qeyd etdi ki, düşmənin diversiya qrupları bir neçə dəfə azad etdiyimiz ərazilərə hücum etdilər, lakin onların bu planları uğursuz oldu:
"Dövlət Sərhəd Xidmətinin "Harop", "Quzğun" və "Hermes" pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi, eyni zamanda Azərbaycan sərhədçilərinin qəhrəmanlığı nəticəsində düşmənin strateji əhəmiyyətli döyüş texnikaları, komanda idarəetmə məntəqələri, çoxsaylı canlı qüvvəsi zərərsizləşdirildi, ümumilikdə 290 düşmən hədəfi məhv edildi.
Mən özüm də Zəngilan şəhəri istiqamətində yaralandım, lakin yaram döyüşməyə imkan verdiyindən daha da irəlilədik. Allah şəhidlərimizə də rəhmət eləsin, qazilərimizə şəfa diləyirəm. Biz məhz onların sayəsində xidmətimizi davam etdiririk.
Cənab Ali Baş Komandana öz dərin təşəkkürümü bildirirəm ki, məni “Vətən Müharibəsi Qəhrəmanı” adı ilə mükafatlandırdı. Mən çox qürurlanıram ki, qalib Prezidentin, qalib Ordunun və qalib xalqın zabitiyəm".