Hesab edirəm ki, yaxın bir ay ərzində Vətən müharibəsindəki qələbəni bizə yaşadan şəhidlərimizin ailələri, qazilərimiz, əlillik qazanan hərbçilərimizin bütün növ sosial ödənişləri və təminatı təmin ediləcək.
HİT.Az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.
Onun sözlərinə görə, bu günə kimi 2300 şəhid ailəsi və qaziyə təqaüd, müavinət və pensiya təyin edilib:
“Sosial təminatın həyata keçirilməsi zamanı Vətən müharibəsi şəhidləri və qazilərin ailələrinə xüsusi diqqət ayrılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları həmin ailələri mütəmadi olaraq ziyarət edir, problemləri ilə maraqlanırlar. HazırkI dövrə kimi 2300 şəhid ailəsi və qaziyə təqaüd, müavinət və pensiya təyin edilib. Bundan əlavə 2000 şəhid ailəsi və müharibə əlilinin özünüməşğulluğu təmin edilib. Təqribən 2700 nəfərə sosial psixoloji və reabilitasiya xidmətləri göstərilib ki, bu xidmətlər də hazırda davam edir”.