Ölkəmizdə yaradılmış azad bazar iqtisadiyyatı mühitindən sui-istifadə hallarına yol verən, həmçinin dövlətin ədalətli fiskal siyasətindən şəxsi məqsədləri çərçivəsində yararlanan şəxslərə qarşı mübarizə istiqamətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Mərkəzi Bankın müraciəti əsasında növbəti əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, nəticədə qanunsuz valyuta mübadiləsi ilə məşğul olmaqda şübhəli bilinən vətəndaş Nemət Məmmədov 40000 (qırx min) ABŞ dollarını 69900 (altmış doqquz min doqquz yüz) manata satan zaman polis əməkdaşları tərəfindən tutulub.
Qeyd edək ki, saxlanılan şəxs 1 ABŞ dollarını rəsmi dövlət məzənnəsindən yuxarı, yəni 1 manat 74 qəpiyə satışa çıxarıb.
Araşdırma zamanı Nemət Məmmədovun sahibkarlıq fəaliyyəti ilə qanunsuz məşğul olması məlum olub və ondan qeyri-qanuni valyuta mübadilələri zamanı istifadə etdiyi maddi sübutlar, külli miqdarda yerli və xarici valyutalar, həmçinin pul vəsaitinin dövriyyəsinə dair qeyd dəftərçələri və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkarlanaraq götürülüb.
Aparılmış əməliyyat-istintaq tədbirləri ilə onun müvafiq dövlət qurumlarından icazə almadan və xüsusi lisenziya əldə etmədən gizli şəkildə müxtəlif xarici valyuta əsginaslarının alqı-satqısı fəaliyyəti ilə məşğul olması və bu yolla külli miqdarda gəlir əldə etməsi sübuta yetirilib.
Saxlanılan şəxsin etdiyi hüquqazidd əməllər barədə qanunamüvafiq tədbirlər görülüb.