Şuşa bütün regionun mədəni paytaxtına çevrilə bilər - Prezident

SİYASƏT
17:02 / 19.01.2021
1070

Bizim tarix və mədəniyyət abidələrinin bərpasında TÜRKSOY-un fəal dəstəyinə ümid edirəm və buna əminəm. Azad edilmiş ərazilərdə 70-ə yaxın məscid dağıdılıb, muzeylər qarət edilib, bütün sosial infrastruktur məhv edilib. Siz yəqin ki, Ağdamda Dram Teatrının qalan divarını görmüsünüz. Görünür, sadəcə, dağıtmaqdan yorulublar. Yəqin, sadəcə, daha gücləri çatmayıb. Buna görə də düşünürəm ki, işğalçı qüvvələrin barbarlığını, məhz bizim mədəni-tarixi irsin məhv edilməsini dünya ictimaiyyətinə çatdırmaq, həmçinin bizim tarixi-mədəni abidələrin bərpa edilməsində bizə kömək də TÜRKSOY-un diqqət mərkəzində olacaq.

Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi videoformatda qəbul edərkən bildirib.

Bərpa prosesinin artıq başlandığını diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Ağdam məscidinə gəldikdə, artıq mütəxəssislər cəlb edilib. Bir neçə gün bundan əvvəl mən Şuşaya səfər edəndən sonra bizim dini abidələrin bərpasına dair işlərin başlanması üçün də göstərişlər vermişəm. Bu məsələdə Heydər Əliyev Fondu fəal rol oynayacaq. Vaqifin məqbərəsinin bərpasına dair təlimatlar da verilib. Mən onun bu il bərpa olunmasını tapşırmışam. Biz bu il Vaqif poeziya günləri keçirilməsini bərpa etməyi, həmçinin “Xarı bülbül” festivalı keçirməyi planlaşdırırıq”.

Prezident qeyd edib ki, Şuşa bərpa ediləndən sonra öz təbiətinə, landşaftına, tarixinə, tarixi abidələrinə görə bütün regionun mədəni paytaxtına çevrilə bilər. “Əlbəttə, ümid edirəm ki, siz bizə növbəti gəlişinizdə Şuşaya səfər edəcəksiniz. İndi biz artıq oraya yol çəkirik. Lap yaxın vaxtlarda, bu il beynəlxalq aeroport açılacaq. Buna görə də Şuşa hələ çox beynəlxalq tədbirlər görəcək, bütün tarix boyu olduğu kimi, öz dostlarını, qardaşlarını qəbul edəcək”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

0