Putinin milyardlıq sarayı üzə çıxdı – FOTO

DÜNYA
16:45 / 20.01.2021
4869

Aleksey Navalnının Antikorrupsiya Fondu yanvarın 19-da yeni araşdırma yayıb. Filmdə Qara dəniz sahilində Rusiya Prezidenti Vladimir Putinin tikdirdiyi iddia olunan dəbdəbəli imarətdən söz açılır.

Bu tədqiqat yayılandan bir gün öncə müxalifət lideri, Kremlin tənqidçisi Berlindən Moskvaya qayıdan kimi 30 sutkalığa həbs olunub, “Matrosskaya Tişina” təcridxanasına yerləşdirilib.

“Putin üçün saray” adlanan araşdırmada iddia olunur ki, Qara Dənizin eksklüziv "Gelencik" buxtasındakı imarətin qiyməti azı 100 milyard rubldur (1.35 milyard dollar). Məlumata görə, ərazidə kilsə, 2.500 kvadrat metrlik istixana, amfiteatr, bir neçə yaşayış binası və sahilə aparan xüsusi tunel var.

Sarayın ərazisi 17 min 691 kv. metrdir, orada ev teatrı, bar, kazino, oyun avtomatları olan lobbi, üzgüçülük hovuzu yerləşir. Araşdırmada əmlakın içindən ilk dəfə yayıldığı bildirilən fotolar da yer alıb. Rusiya lideri isə bu mülklə heç bir əlaqəsi olmadığını bildirir. Rusiya siyasi müxalifəti üçün bu əmlak dövlətin başından gələn, sürətlə yayılan korrupsiyanın simvoludur.

“Bu, Rusiyada ən çox qorunan yerdir, dövlət içində dövlətdir, Putinin böyük sirridir. Buranı yüzlərlə, hətta minlərlə insan qoruyur...”, – "YouTube" sosial şəbəkəsində yerləşdirilmiş 2 saata yaxın video belə başlayır.

Araşdırmada iddia olunur ki, Monakodan 39 dəfə böyük olan mülkiyyət “elə tikilib ki, ona qurudan, dənizdən, yaxud havadan yaxınlaşmaq mümkün olmasın”. 7 min hektarlıq bufer zonanın Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə (FSB) aid olduğu, sarayın sahibi olan şirkətə kirayə verildiyi bildirilir. Əmlak üzərindəki ərazidə qeyri-uçuş zonası tətbiq olunub.

Tədqiqata görə, ərazidə çalışan minlərlə işçi üstlərində kamerası olan adi mobil telefon da gəzdirə bilməz, buraya gələn bütün avtomobillər isə bir neçə məntəqədə yoxlamadan keçir.

Videoda təqdim olunan fotolarda əksini tapan dəbdəbəli interyeri rusiyalıların çoxunun heç vaxt görmədiyi deyilir.

“Bu gün sizə Putinin əsas sirrini – onun sarayını göstərəcəyik... Bundan sonra əmlakın hər bir otağı, hər bir dəhlizi, hər bir kvadrat metri ictimai əmlakdır. Rusiyalılar Putinin evini ziyarət edə biləcəklər”, – araşdırmada vurğulanır.

“Putinsarayı” 2005-2010-cu illərdə inşa edilib. 2010-cu ildə rusiyalı biznesmen Sergey Kolesnikov o vaxtkı prezident Dmitri Medvedevə açıq məktubunu yayandan sonra Rusiyadan qaçıb. 

Məktubda Putinin göstərişilə Qara Dəniz sahilində dəbdəbəli sarayın tikildiyi, qanunsuz yollarla oraya milyard dollar xərcləndiyi iddia olunurdu.

Tədqiqatda deyilir ki, əmlak hazırda “Binom” adlı şirkətə məxsusdur, şirkəti isə Putinin bacısı oğlu Mixail Şelomova yaxın şəxslər idarə edir. Ancaq araşdırmada əmlakın əsl sahibinin Putin olduğu iddia edilir.
 
Kremlin sözçüsü Dmitri Peskov hesabatı görmədiyini deyib, ancaq onu köhnə iddialar adlandıraraq rədd edib. O, Putinin belə bir əmlakı olmadığını söyləyib.

“Bu araşdırmayla tanış deyiləm, amma dərhal deyə bilərəm ki, köhnə söhbətdir. Çox illər qabaq izah elədik ki, Putinin Gelencikdə heç bir sarayı yoxdur”, – Peskov yanvarın 19-da “Interfax”a deyib.

Xatırladaq ki, 44 yaşlı Navalnı yanvarın 17-də axşam Şeremetyevoda özünün və tərəfdarlarının siyasi adlandırdığı ittihamla həbs olunub. 

Navalnı avqustda Sibirdə zəhərlənib və bunu birbaşa Putinin sifariş etdiyini deyir. Navalnının saxlanması qlobal miqyasda qəzəb doğurub, bir sıra ölkə liderləri Putini Kremlin tənqidçisini dərhal azad etməyə çağırırlar. (Azadlıq radiosu)

6