MEDIA-dan ilk tədbir - Hikmət Hacıyev ustad dərsi verdi (FOTO)

ÖLKƏ
18:55 / 25.01.2021
1189

Bu ay ölkə başçısının fərmanı ilə yaradılan Medianın İnkişafı Agentliyi (MEDİA) 2021-ci il üçün nəzərdə tutduğu silsilə tədbirlərin həyata keçirilməsini “ADA” Universiteti ilə birgə təşkil edilən “Media və kommunikasiya siyasəti medianın gözü ilə” mövzusunda seminarlarla başlayıb.

Hit.Az xəbər verir ki, Universitetin İxtisasartırma Proqramının mütəxəssisləri tərəfindən aparılan seminarlarda dövlət sektorunda fəaliyyət göstərən qurumların mətbuat xidmətləri rəhbərləri, ictimaiyyətlə əlaqələr və mətbuatla iş üzrə məsul əməkdaşları iştirak ediblər. 

Seminarlarda məqsəd dövlət və ictimai sektor qurumlarının media subyektləri ilə əməkdaşlığının genişləndirilməsi və qarşılıqlı kommunikasiya əlaqələrinin təkmilləşdirilməsi, eləcə də müasir media mühitində ictimaiyyəti məlumatlandırma mexanizmlərinin daha səmərəli qurulmasıdır.

Seminarda ADA Universitetinin media sahəsi üzrə yerli və xarici tədqiqatçıları ilə yanaşı, biznes sektorunun mütəxəssisləri və ölkənin multimedia platformasının aparıcı üzvləri ilə panel müzakirələr təşkil edilib. Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev seminar iştirakçıları qarşısında ustad dərsi ilə çıxış edib. 

İnteraktiv müzakirələr zamanı mətbuat xidməti rəhbərləri “İctimai əlaqələr şöbəsinin təşkilatdakı məqsədi və rolu”, “Kommunikasiya planı və gündəlik media təmasları: proaktiv və reaktiv strategiyalar”, “Böhran vəziyyətlərində kommunikasiyanın qurulması” kimi mövzularda fikir mübadiləsinə qoşularaq, müasir media mühitindəki çağırışlara yeni həll yolları axtarıblar. Seminar digər mühazirəçilərin çıxışları ilə sabah da davam etdiriləcək.

Xatırladaq ki, Medianın İnkişafı Agentliyi Azərbaycan Prezidenti tərəfindən medianın inkişafının dəstəklənməsi, bu sahədə təsisat quruculuğu işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə yaradılıb.

0