Lotereyada 50 min uddu, elə həmin gün biletini itirdi

15:14 / 26.01.2021
1241

İtaliyanın Cenova şəhər sakini Leonardo Ventimilya lotereyada 25 min avro (təxminən, 50 min manat) qazansa da, sevinci uzun sürməyib. 

HİT.Az Lent.az-a istinadən xəbər verir ki, Leonardo uduşa düşən bileti elə həmin gün itirib.

Dostları ilə bara gələn italiyalı xeyli əyləndikdən sonra kefli halda lotereyanı yoxlamaq qərarına gəlib. Heç nə qazanmadığını düşünür və bileti əzərək barın piştaxtasında qoyub gedir. 

Yolda olarkən anası oğluna zəng edir ki, “gözün aydın, sənə bağışladığım lotereya bileti uduşludur, 25 min avro qazanmısan”. 

Leonardo dərhal bara qayıdır, amma gec idi... 

Əzilmiş bilet zibil qutusuna atılmışdı. Bardakı bütün zibil qutuları aidiyyəti üzrə göndərilmişdi. 

Qeyd edək ki, mövcud qanunvericiliyə görə, Leonardo qalib olduğunu məhkəmədə sübut edə bilsə, 25 min avro mükafatı əldə edə biləcək.

Biletin necə uduşlu olmasına gəlincə isə, bildirilib ki, Leonardonun anası hər Yeni ildə ailə üzvlərinin hamısına lotereya hədiyyə edirmiş. Ana bağışladığı biletlərin udub-udmadığını öyrənmək üçün seriya nömrələrini yazıb özündə saxlayırmış.

0