Azərbaycanda siqaretlərin topdan və pərakəndə satış qiymətləri yenidən bahalaşır.
Bu barədə HİT.Az-a paytaxtda fəaliyyət göstərən mağazalardan məlumat verilib.
Bununla bağlı artıq mağazalara xəbərdarlıq da edilib. Bildirilib ki, 1 fevral 2021-ci il tarixindən siqaretlərin satış qiymətləri artırılacaq. Artımın nə qədər olacağı barədə hələ ki, dəqiq məlumat yoxdur.
Qeyd edək ki, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən, Azərbaycanda bir neçə aksizli malların aksiz dərəcələri artırılacaq.
Təklif edilən dəyişikliyə görə, "siqarilla"nın (nazik siqarlar) 1000 ədədinə aksiz dərəcələri 31 manatdan 43 manata, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə 31 manatdan 35 manata, elektron siqaretlər üçün maye - hər litrinə görə 20 manatdan 220 manata qaldırılır.
Dəyişikliyə görə, həm də bir neçə mala aksiz dərəcələri tətbiq ediləcək. Belə ki, aşağıdakı dərəcələrin tətbiq edilməsi təklif edilir:
- Qəlyan üçün tütünlər və istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, "homogenləşdirilmiş” və ya "bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər – hər kiloqramına 30 manat;
- Qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulları – 1000 ədədinə 12,9 manat.