"Ev uçdu üstümə, dedilər ki, yanırsan" - Daşaltı əməliyyatının şahidiylə müsahibə

ÖLKƏ
12:02 / 27.01.2021
5074

Azərbaycan Ordusunun Şuşa rayonunun Daşaltı kəndində keçirdiyi uğursuz əməliyyatdan 29 il ötür. Daşaltı əməliyyatı 1992-ci il yanvarın 25-dən başlayıb yanvarın 26-da uğursuzluqla başa çatıb. Əməliyyatda Azərbaycan Ordusunun könüllülərdən ibarət döyüşçü dəstələri iştirak edib.

Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, onların böyük əksəriyyəti hələ də itkin düşmüş sayılır.

O hadisədən düz 28 il sonra - 2020-ci il noyabrın əvvəllərində Azərbaycan Ordusu Daşaltı kəndini, eləcə də Şuşanı azad edərək, şəhidlərimizin qisasını aldı...

Daşaltı əməliyyatının sağ qalmış şahidlərindən biri də “Kobra” ləqəbli keçmiş döyüşçü Nazim Hüseynovdur. O, 29 il öncəki döyüşlə bağlı xatirələrini Modern.az-la bölüşüb.

- Dünən Daşaltıda şəhid və itkin düşənlərin şərəfinə ucadılan abidəni ziyarət etdik. Onları unuda bilmərik. O şəhidlərin, itkinlərin anaları illərdi gözü yaşlıdırlar...

- Daşaltı əməliyyatı ilə bağlı yaddaşınızda nələr qalıb?

- Bu xatirələr yaddaşdan silinə bilməz, heç vaxt unudulmaz. Onlar əbədi olaraq qəlbimə həkk olunub. Orada ən yaxın döyüş yoldaşımı – Şahverdi Səfərovu, onun kimi neçə-neçə igid oğulları itirdik. Daşaltıda biz axşam saat 11-də əməliyyata başlamışdıq. Mayor Abdullayev batalyon komandiri idi. Oraya yeni gəlmişdi. Onlar əməliyyatı belə qurdular ki, Topxanadan, Kirsdən, Nəbilərdən fişəng atılanda hücuma başlanılsın. Düşmən Daşaltını Xocalıdan pis günə qoymaq istəyirdi. Biz bunun qarşısını aldıq. Axşam başlanan döyüş səhər 5-6 radələrində başa çatdı. O döyüşdə mənim qardaşım da iştirak edirdi. Amma mən Şuşadan Daşaltıya qardaşıma görə enməmişdim. Ona görə enmişdim ki, orada yaralanan, şəhid olanları Şuşaya qaldırmağa kömək edəm.

Mən, rəhmətlik Əli, Rizvan, Gülcahan Daşaltıya enib birinci evə yaxınlaşdıq. Soradan Şuşa camaatından o evin kimə məxsus olduğunu soruşanda demişdilər ki, Levonun evidir. Həmin anda ev yanırdı.

Dostum Şahverdi gənc idi. Onun xalası oğlu Fərhad əsir götürülmüşdü. Şahverdi Levonu girov götürüb Fərhadla dəyişmək istəyirdi. Ev ikimərtəbəli idi. Şahverdi  birinci mərtəbəyə girəndə erməni onu vurmuşdu. Mən ora çatanda gördüm ki, qardaşım və Fəxrəddin ağlayır. Onlar dedilər ki, erməni Şahverdini vurub, meyitini  götürə bilmirik. Mənə dedilər ki, içəri girmə, erməni əlində avtomat atır. Bir dəmir tapıb meyiti onunla yaxına çəkmək istəyirdim. Həmin an ev uçdu üstümə, dedilər ki, yanırsan.

Sonra Topxanadan məlumat verdilər ki, düşmən artıq bizim yerimizi bilir. Kimin yaralısı, şəhidi var, hamısını götürsün, qalxırıq Şuşaya... Oradan Nazimin, Zahidin meyitlərin götürdük.

- Nazim bəy, 8 ildən sonra Şuşa, Daşaltı azad olundu. Bu xəbəri eşidəndə hansı hissləri keçirdiniz?

- Mənim qudamın oğlu da bu döyüşlərə cəlb olunanlar arasında idi. Onlar Ağdama ezam olundular. Bilirsiz ki, valideynlərin hamısı oraya getməyə çalışırdılar. Biz də gedib 3 gün orada qaldıq. Ağdamdan sonra onları Qubadlıya ezam etdilər. Mən o əsgərlərin içərisində olmuşam. Onlara xeyir-dua verirdim. Onlar məni görən kimi başıma toplaşırdılar. Mən onlara dedim ki, “sizin yerinizə mən getməliyəm, siz hələ çox cavansınız”. Onlar cavab olaraq dedilər ki, “xeyr əmi, siz etdiyinizi etmisiniz. İndi növbə bizdədir”...  Onlarda o qədər ruh yüksəkliyi var idi ki...

Mən o uşaqlarla Horadizə qədər getdim. Oradan o biri tərəfə getməyə bizə icazə vermədilər. Biz hamımız Ali Baş Komandanın ətrafında qanuna tabe olan bir əsgərlərik. Allaha min şükür ki, hər şey yaxşı oldu. Sevincimin həddi-hüdudu yoxdur.

Mən belə hesab edirəm ki, Dağlıq Qarabağdakı ermənilər orada müvəqqəti qalıb. Vaxt yetişəndə rədd olub gedəcəklər. Mənim kəndim Kərkicahan hələ də ermənilərin nəzarətindədir. Kərkicahan Xankəndinin yanındadır. Biz oralarda olsaq, erməni özü çıxıb gedəcək. 30 il öncə ən ağır döyüşlər məhz Kərkicahanda olub.

- İllər sonra Daşaltıya yol yenidən açıldı. Həmin yerlərə nə zaman gedəcəksiniz?

- Hələ ki bilmirəm. Amma Daşaltıya gedəndə ilk olaraq dostum Şahverdinin şəhid oluduğu yeri ziyarət edəcəm. Daha sonra Milli Qəhrəman Ramiz Qənbərovun qəbrini zəyarət edib, oradan da doğma kəndimə gedəcəm.

Hər bir insanın arzusu odur ki, öz doğma torpağında rahat yaşasın. Öz adını, dövlətini, xalqını qoruya bilsin. Mənim arzum odur ki, dünyamı Kərkicahanda dəyişim.

0