Niyə Xankəndinə girmədik? - Hikmət Hacıyevin keçmiş səfirlərlə ilginc mükaliməsi

SİYASƏT
14:47 / 27.01.2021
1744

Prezident köməkçisi: “Bizim hədəfimiz sülhü udmaq idi”

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev Vaşinqtondakı Atlantik Şurasının (Atlantic Council) təşkil etdiyi internet-seminarda iştirak edib. Virtualaz.org xəbər verir ki, seminar iştirakçıları-keçmiş amerikalı səfirlər Hikmət Hacıyevə Qarabağ müharibəsinin yekunlarına əsasən regionda yaranmış yeni situasiya və Azərbaycanın sonrakı planları barədə suallar veriblər. H.Hacıyev həmin suallara ətraflı cavablar verib.

Atlantik Şurasının rəhbəri və seminarın aparıcısı, ABŞ-ın Ukraynadakı keçmiş səfiri Con Herbst H.Hacıyevdən soruşub: “Nəyə görə Azərbaycan müharibənin gedişində ərazilərin əhəmiyyətli hissəsini əldə etdiyi halda 10 noyabr üçtərəfli razılaşmasını imzaladı?”

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan lap əvvəldən Ermənistanın işğal edilmiş rayonlardan öz qoşunlarını çıxarmasına dair qrafik təqdim edəcəyi halda hərbi əməliyyatları dayandırmağa hazır idi.

“Təəssüf ki, Ermənistan belə qrafikin təqdim edilməsindən bir neçə dəfə boyun qaçırdı. Azərbaycanın nöqteyi-nəzərindən bu hərbi əməliyyatları aparanda harada dayanmaq lazım gəldiyini bilmək vacib idi. Və biz strateji hədəflərimizə çatanda dayanmağa qərar verdik. Bundan əlavə, bizim hədəfimiz sülhü udmaq idi. Müharibəni udmaq olar, amma sülhü qazanmaq daha mürəkkəbdir. Biz üçtərəfli razılaşmanı imzaladıq, ona görə ki, Ermənistan Azərbaycanın üç strateji əhəmiyyətli rayonundan-Kəlbəcər, Ağdam və Laçından öz qoşunlarını çıxarmaq öhdəlikləri götürdü”, - Hikmət Hacıyev bildirib.

Aparıcı daha sonra erməni tərəfinin Azərbaycanı “etnik təmizləmələrdə” ittiham etməsi barədə şərh verməyi xahiş edib. H.Hacıyev qeyd edib ki, əgər söhbət 1988-ci il Sumqayıt hadisələrindən gedirsə, o zaman Azərbaycan tərəfi həmin faciəni araşdırıb, bütün günahkarlar öz cəzalarını alıblar. “Heç olmasa bir nümunə varmı ki, Ermənistanda da azərbaycanlı əhaliyə qarşı törədilmiş hərbi cinayətlər barədə təhqiqat aparılıb və günahkarlar cəzalandırılıb? Sumqayıtda baş verənlər isə SSRİ KQB-nin təxribatı idi. Həmin hadisələrin əsas təşkilatçısı etnik erməni Qriqoryan olub və sonradan onu respublikadan çıxarıblar”,-H.Hacıyev deyib.

Prezidentin köməkçisi daha sonra Ermənistanda və işğal edilmiş Azərbaycan ərazilərində azərbaycanlılara qarşı aparılmış etnik təmizləmələrdən danışıb.

Aparıcı daha bir sual verib: “Azərbaycan ABŞ-ı sülh prosesində hələ də vasitəçi hesab edirmi və yeni Bayden administrasiyasından nə gözləyir?”

H.Hacıyev cavab verib ki, yeni administrasiyada Cənubi Qafqazla yaxşı tanış olan bir çox adamlar var. Birbaşa dinc nizamlama prosesinə gəldikdə isə H.Hacıyevin fikrincə, ABŞ Ermənistanla Azərbaycan arasında etimadın möhkəmləndirilməsi və bərpa prosesində mühüm rol oynaya bilər.

Seminarda erməni diasporunun nümayəndəsi “Bakının qaytarmaq istəmədiyi erməni hərbi əsirləri” barədə soruşub. H.Hacıyev isə bütün erməni diasporuna müraciətlə deyib ki, məhz onlar problemin həllinə mane olurlar, üstəlik problem yaradırlar. “Siz Qərb ölkələrində yaxşı şərtlər altında yaşayırsınız və burada revanşizmə çağırırsınız. Siz belə yanaşmanı dəyişməlisiniz... Hərbi əsirlərə gəldikdə isə onların hamısını ”Hamının hamıya" prinsipi ilə dəyişdiriblər. Azərbaycanda hazırda saxlanılan 62 nəfər isə 10 noyabr üçtərəfli razılaşmasının imzalanmasından sonra tutulublar.

Onlar Ermənistan vətəndaşlarıdır, Şirak vilayətində yerləşən hərbi bazadan gəliblər və qanunsuz olaraq Azərbaycan ərazisinə keçiblər, əldə edilmiş bütün razılaşmaları pozaraq azad edilmiş ərazilərdə diversiyalar törədiblər. Onlar Azərbaycan hərbçilərinə və mülki şəxslərə hücum ediblər, nəticədə qurbanlar var. Ancaq Azərbaycan tərəfi bu məsələ ilə bağlı da dialoqa hazırdır. Biz erməni tərəfinin də konstruktiv yanaşmasını gözləyirik. Birinci Qarabağ müharibəsindən bizim 4 minə yaxın itkin düşmüş vətəndaşlarımız var. Yəqin ki, onların çoxu həlak olub. Lakin biz erməni tərəfindən onların kütləvi basdırıldıqları yerlərin xəritələrini almaq istərdik", - H.Hacıyev bildirib.

Seminarın gedişində Minsk Qrupunun sonrakı taleyi barədə də danışılıb. H.Hacıyev qeyd edib ki, Minsk Qrupunun Azərbaycanda nüfuzu çox aşağıdır, çünki 30 il ərzində münaqişənin nizamlanmasına və ərazilərin azad edilməsinə dair vasitəçilərə bəslənən ümidlər boşa çıxıb.

Seminarda Qarabağdakı Rusiya sülhməramlıları barədə də sual səslənib. H.Hacıyev deyib ki, Azərbaycan tərəfi Rusiya sülhməramlılarının peşəkar şəkildə fəaliyyət göstərdiyinə əmindir və hesab etmir ki, Moskva onların vasitəsilə Bakıya və ya İrəvana təzyiq göstərməyə cəhd edir. “Bizim Rusiya sülhməramlıları ilə açıq dialoq və kommunikasiyalarımız var. Onlar öz işlərini peşəkar şəkildə yerinə yetirirlər. Bu nöqteyi-nəzərdən biz məmnunuq”, - H.Hacıyev belə deyib.

0