Rusiyalı iş adamı “Putinin sarayı”nın sahibi olduğunu bəyan etdi

DÜNYA
21:37 / 30.01.2021
1623

"Artıq sirr olmayacaq ki, mən benefisiaram. Orada yetərincə mürəkkəb obyekt olub, xeyli kreditorlar var idi. Mən benefisiar ola bildim. Bu, tapıntıdır. Yeri əladır”.

Bunu rusiyalı iş adamı Arkadi Rotenberq "Mash” teleqram kanalına müsahibəsində Rusiyanın Gelencik şəhəri yaxınlığındakı "Putinin sarayı”ndan bəhs edərkən söyləyib.

Onun sözlərinə görə, sarayın yerləşdiyi İdokopas burnunda hotel tikilir. O, mehmanxananın 2-3 ilə hazır olacağını bildirib.

Xatırladaq ki, yanvarın 18-də Korrupsiya ilə Mübarizə Fondunun qurucusu, Rusiya müxalifətinin lideri Aleksey Navalnı Almaniyadan müalicədən qayıtdıqdan sonra Rusiyanın paytaxtı Moskvada hava limanında həbs olunub. Ona maliyyə fırıldaqçılığı və sınaq müddətini dəfələrlə pozmağa görə 10 ilədək həbs cəzası verilə bilər. Siyasətçi bütün ittihamların uydurma olduğunu və birbaşa ölkə başçısının sifarişi ilə gerçəkləşdiyini iddia edir. A.Navalnının həbsindən 1 gün sonra onun yutub kanalında Rusiya prezidenti Vladimir Putinin yaxın ətrafı ilə birgə qurduğu korrupsiya sxemləri və çirkli pullarla əldə etdiyi sarayı barədə 2 saatlıq sənədli film yayımlanıb. Video qısa zamanda 100 milyondan çox izlənib və Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrin trend videolar sırasında yer alıb.

Yanvarın 29-da Gelencik yaxınlığında yerləşən, RF prezidenti Vladimir Putinə aid olduğu iddia edilən sarayda ilk dəfə çəkiliş aparılmasına icazə verilib. Çəkilişi hakimiyyətə yaxınlığı ilə bilinən "Mash” kanalı aparıb. Eyni gündə sarayın inşaatçısı mətbuata tikintinin təfərrüatlarını sızdırıb.

0
Report