Messi və "Barselona" arasında gərginlik - Klubu "məhvə" aparan müqavilə

İDMAN
20:45 / 31.01.2021
1084

"Barselona" klubunun forvardı Lionel Messi gələcək taleyi ilə bağlı tezliklə açıqlama verəcək.

HİT.Az "Caught Offside" dərgisinə istinadən xəbər verir ki, bu, argentinalı hücumçunun əmək haqqına dair "El Mundo Deportivo"da dərc olunmuş informasiya ilə əlaqədardır. Həmin məqalədə bildirilir ki, Messi 2017-ci ildə 4 illik müqavilə imzalaması qarşılığında ümumilikdə 555 milyon avro qazanc götürür.

Dərc olunmuş yazıda borc içində batan "Barselona"nın argentinalı forvarda 4 illik müqavilə qarşılığında yarım milyard avro verməsi klubun "sonunu gətirə" biləcək ən başlıca amil kimi dəyərləndirilib.

Bu informasiyanın mətbuata sızması ulduz futbolçunu xeyli qəzəbləndirib. Klub rəhbərliyi isə açıqlama yayaraq, müqavilənin KİV-də dərc olunmasından təəssüfləndiyini bildirib. Konfidensial sənədin dərcinə görə heç bir məsuliyyət daşımadığını bəyan edən "Barsa" rəhbərliyi dəyə biləcək zərərlə bağlı "El Mundo Deportivo"ya qarşı hüquqi tədbirlər görəcəyini bəyan edib.

"Barselona" Messiyə tam dəstək verib və onun imicini, dünyanın ən yaxşı futbolçusu kimi yetişdiyi klubla münasibətlərini zədələmək cəhdlərinə qarşı çıxıb.

0