Qarabağdakı müharibə dövründə Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi kimi çıxış edən Artsrun Ovannisyan atəşkəsdən sonra ilk dəfə brifinq keçirərək döyüş əməliyyatları zamanı fəaliyyətini şərh edib.
“Biz qalib gələcəyik” şüarına baxmayaraq Ermənistanın müharibəni niyə uduzduğuna dair sualı cavablandıran Ovannisyan jurnalistlərə əvvəlki çıxışlarını diqqətlə təhlil etmələrini tövsiyə edib.
“Beynəlxalq təşkilatlardan biri müharibənin 44 günü ərzində söylədiklərimin detallı təhlillərini təqdim edib. Açıqca bildirir ki, ifadələrimin yarısı ruh yüksəkliyini artırmağa yönəlmişdi, digər yarısı isə ayıldıcı xarakter daşıyan və ağır döyüşlər barədə məlumatlar idi”, -deyə Ovannisyan qeyd edib.
Bundan əlavə, o, “qalib gəlirik” deyil, “qalib gələcəyik” həştəqini istifadə etdiyini vurğulayıb. Ovannisyan döyüş əməliyyatları zamanı məlumatları siyasi rəhbərlikdən deyil, yalnız Müdafiə Nazirliyindən, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahından aldığını bildirib.
“Müharibədən sonra hər kəs emosiyalara qapılaraq xain tapmağa çalışır, ancaq onları orduda axtarmaq ədalətsizlikdir”,- deyə Ovannisyan bildirib.
Ovannisyana görə, Şuşadaki vəziyyət 6 noyabrdan sonra kəskin şəkildə dəyişib. O bildirib ki, nə baş verdiyini təhlil etməyə çalışsa da, hələ də başa düşə bilmədiyi məqamlar var.
“Müharibədən bir neçə ay keçib. Ancaq mənim başıma sığmayan şeylər var, xüsusən də 7-9 noyabrda baş verənlər”,- deyə o qeyd edib.
Xatırladaq ki, sosial şəbəkələrin erməni seqmentində 9 noyabr axşama qədər Şuşadaki döyüşlərin davam etməsi barədə məlumatlar yayılırdı. Həmçinin 9 noyabr axşamı Baş nazir Nikol Paşinyan şəhərin müdafiəsinin davam etdiyinə dair bir status paylaşmışdı. Bir neçə saatdan sonra isə Ermənistan hökumətinin başçısı Şuşanın Azərbaycan ordusu tərəfindən azad edildiyini və üçtərəfli bəyanatın imzalandığını açıqlamışdı.