"Birinci Qarabağ müharibəsi zamanı əlil və veteran olan şəxslərin sənədləri yenidən araşdırılır".
Bu barədə "AzPolitika.info"-ya məlumat verən mənbə bildirib ki, aidiyyatı qurumlar uzun illər saxta sənədlərlə dövlətdən müavinət almış şəxsləri müəyyənləşdirməyə, ödənişləri dayandırmağa və onları məhkəməyə verməyə hazırlaşır.
"Hazırda minlərlə belə sənəd aşkar olunub. Bütün rayonlar üzrə arxivlər qaldırılıb. Hazırda araşdırma davam etdirilir. Kimliyindən asılı olmayaraq, saxta yollarla əlillik, veteranlıq statusu almış şəxslər müəyyən ediləcək və büdcədən aldıqları vəsaitlər məhkəmə yolu ilə onlardan geri alınacaq" - deyə mənbə qeyd edib.
Saxta işləri düzüb-qoşan səlahiyyətli məmurların cəzalandırılmasına gəlincə, mənbə bu şəxslərin də müəyyənləşdirildiyini vurğulayib: "Hazırda onların çoxu dövlət vəzifəsi tutmurlar. Amma bu onları məsuliyyətdən azad etmir, törətdikləri əməllərə görə qanun qarşısında cəzalarını alacaqlar".
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) bir neçə ildir saxta pensiyalar üzrə ödənişlərin dayandırılmasına və ödənilmiş vəsaitlərin geri qaytarılmasına başlayıb.
DSMF üç il ərzində yüz milyonlarla manata qənaət edildiyini açıqlayıb. Qurumun sədri Himalay Məmişov ötən gün APA gentliyinə müsahibəsində bu barədə ətraflı danışıb.
O, bildirib ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün istiqamətlərdə sağlamlaşdırma işləri həyata keçirilir: "Əsassız pensiyaların ləğv olunması, pensiya məbləğlərinin qanunvericiliyə uyğunlaşdırılması, digər tərəfdən isə əlilliyə görə pensiya məsələlərində hüququn yaranıb-yaranmaması məsələsi yoxlanılır. Ötən dövr ərzində 6500-dən artıq saxta əlillik işi aşkar olunaraq ləğv edilib. Bu işlərin illik maliyyə yükü 30 milyon manatdır. Aktuar hesablamalara əsasən müəyyən edirik ki, əgər bu ödənişlər saxlanılmasaydı, dövlət büdcəsinə təxminən 735 milyon manat həcmində əsassız şəkildə ziyan vurulmuş olacaqdı".
H. Məmmədovun sözlərinə görə, 2018-ci ildə pensiyanın nominal məbləğində 26 milyon manat, 2019-cu ildə 103 milyon manat, 2020-ci ildə 113 milyon manat həcmində təmizləmə aparılıb.
"Əgər bu rəqəmlərə müvafiq illər üzrə indeksasiya əmsallarını da tətbiq etmiş olsaq, o zaman pensiyanın nominal məbləği üzrə ümumilikdə təmizləmənin 270 milyon manatdan artıq olduğunu görərik
Bununla da həm gəlirlərin müsbət dinamikası, həm xərclərdə aparılan optimallaşdırma işləri 2019-cu ildə 320 milyon manat vəsaitin, 2020-ci ildə isə 250 milyon manat vəsaitin dövlət büdcəsinə qaytarılmasına şərait yaradıb"-deyə DSMF rəhbəri vurğulayıb.