Dünyanın ən iri şirkətlərindən biri Azərbaycanda zavodunu açacaq 

İQTİSADİYYAT
16:13 / 01.02.2021
2287

Azərbaycanın investisiya mühitinin, iqtisadiyyatın dayanıqlığının, həmçinin iqtisadiyyata dəstək proqramlarının, biznesin qısa və orta müddətdə dəstəklənməsini əhatə edən mühüm sənədlərin qəbul edilməsinin nəticəsi olaraq, “Azərbaycan Coca-Cola Bottlers” MMC ölkəmizdə fəaliyyətinin genişləndirilməsini və yeni istehsal sahələrinin yaradılmasını planlaşdırır.

HİT.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında bildirilir. 

30 milyon ABŞ dollarından çox sərmayə qoyuluşunu nəzərdə tutan investisiya planına əsasən, “Azərbaycan Coca-Cola Bottlers” MMC İsmayıllı, Oğuz və ya Qəbələ rayonlarının birində beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına cavab verən yeni istehsal zavodu quracaq.

Müəssisədə 100-ə yaxın yeni iş yerinin açılması nəzərdə tutulur ki, bu da bölgədə məşğulluğun daha da artmasına töhfə verəcəkdir.

Qeyd edək ki, 1996-cı ildən Azərbaycanda fəaliyyət göstərən Coca-Cola ölkəmizin qeyri-neft sektorunda ən böyük xarici investorlardan biridir. 400 nəfərdən artıq əməkdaşı olan “Azərbaycan Coca-Cola Bottlers” MMC indiyədək ölkə iqtisadiyyatına 200 milyon dollardan çox sərmayə yatırıb və dövlət büdcəsinə 300 milyon manatdan artıq vergi ödəyib.

2