Ali məktəblərə qəbul qaydaları AÇIQLANDI

ÖLKƏ
10:43 / 02.02.2021
1745

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə tələbə qəbulu qaydalarını açıqlayıb.

DİM-in mətbuat xidmətindən HİT.Az-a verilən xəbərə görə, qəbul qaydaları "Abituriyent" jurnalının 1-ci nömrəsində dərc olunub. Jurnalın bu nömrəsində qəbul qaydaları ilə yanaşı, qəbul imtahanının ikinci mərhələsi üçün I, II, III və IV ixtisas qruplarına daxil olan fənlər üzrə qəbul imtahanı proqramları (o cümlədən tarix fənni üzrə Vətən müharibəsi ilə bağlı əlavə edilmiş yeni mövzular), ədəbiyyat siyahısı, tapşırıq nümunələri, balların hesablanma qaydası, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları və digər zəruri materiallar da yer alıb. 

Jurnalda dərc edilmiş tapşırıq nümunələri abituriyentlərin öyrəndiklərini yoxlaya bilmələri və idraki bacarıqlarını inkişaf etdirmələri üçün təqdim olunub. Qəbul imtahanı modelinə əsasən, hər fənn üzrə 30 tapşırıq təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir. Açıq tipli tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır. Digər açıq tipli tapşırıqlar uzun müddət istifadə olunan hesablama, seçim, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır. Yazılı şəkildə cavablandırılması tələb olunan tapşırıqların hər birinin sonunda müvafiq tapşırığı yerinə yetirmək üçün yer ayrılıb.

Jurnalda tapşırıq nümunələrinin düzgün cavabları və qiymətləndirmə meyarları da verilib.

Jurnal iki dildə – Azərbaycan və rus dillərində çap olunub.

Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, Mərkəzin regional bölmələrindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M;

Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28.

1