Pensiyalar nə qədər artacaq? - Ekspert açıqladı

İQTİSADİYYAT
10:58 / 02.02.2021
1511

Cari il üçün yenə əmək pensiyalarının sığorta hissəsi 2020-ci ilin orta aylıq nominal əmək haqqının artım tempinə uyğun anoloji qaydada indeksləşdiriləcək. Fərdi hesablarda toplanan kapitalların isə istehlak qiyməti indeksinin artım faizinə uyğun indeksləşdiriləcəyini gözləmək olar.

HİT.Az xəbər verir ki, bunu Trend-ə iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, cari ildə pensiyalarının artırılması haqqında, onun miqyası ilə bağlı danışarkən mütləq buna şərait yaradan maliyyə imkanlarını analiz etmək mütləqdir:

“Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə hər il dövlət büdcəsindən ayrılmış vəsaitilərin həcmində müəəyən yüksəliş müşahidə edilir. Elə bu səbəbdən də cari il üçün planlaşdırılan pensiya məbləğləri ötən ilin göstəricilərilə müqayisədə 13% çoxdur. Belə ki, bu il əmək pensiyalarının orta aylıq həcmi 338 manata, yaşa görə əmək pensiyalarının orta məbləği isə 370 manata çatdırılması hədəf olaraq qarşıya qoyulub”.

E.Əmirov əlavə edib ki, bu hədəflərə nail olmaq üçün bu ilin dövlət büdcəsində sosial təyinatlı xərcləri üçün 3690 milyon manatdan artıq vəsait nəzərdə tutulur:

"Bunu 2020-ci illə müqayisə etsək görərik ki bu göstərici ötən illə müqayisədə 14,1 faiz çoxdur. Bu göstəricinin, yəni sosial müdafiə və sosial təminat xərclərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan xərclərin büdcə xərcləri daxilində olan xüsusi çəkisinə gəldikdə isə bu 13%-ə yaxın bir həddədir. Bu xüsüsi çəki göstəricisi də ötən illə müqayisədə 1,1 % çoxdur. Hətta həmin xərclər ÜDM-ə nisbətən də 2020-ci illə müqayisədə daha yuxarı həddədir".

İqtisadçı hesab edir ki, eyni zamanda DSMF büdcəsinə balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün yönəldiləcək vəsaitin ötən illə müqayisə də təxminən 37% çox olması da nəzərə alınmalıdır:

“Başqa sözlə, 2020-ci illə müqayisədə 442 milyon manat artıq olmaqla cari il üçün bu məbləğ 1631 milyon manat təşkil edəcək. Məhz bu vəsaitlər hesabına 1,3 milyon nəfərə yaxın əmək pensiyaçısının pensiyalarının bir hissəsinin maliyyələşdirilməsi həyata keçiriləcək”.

Mütəxəssisin sözlərinə görə, hazırda isə sual doğuran cari ildə pensiya artımı ilə bağlı indeksasiyanın necə aparılacağıdır. Hazırda cari il üçün pensiya məbləğlərinin əməkhaqqının artım tempinə uyğun indeksləşdiriləcəyini gözləmək olar. Bu zaman pensiyaların həm sığorta hissəsinin, həm də fərdi hesabla toplanan kapitalların indeksləşdirilməsi gözlənilir. Bütün proseslərin avtomatlaşdırılmış qaydada icra edilməsi nəzərdə tutulur:

“Hazırda ölkədə minimum pensiya məbləği 200 manat təşkil edir. İlin əvvəlindən isə orta aylıq nominal əmək haqqı illik müqayisədə 21.7% artıb. Buna görə də pensiyaların sığorta hissəsinin bu göstəriciyə uyğun artması gözlənilir. Nümunə üçün qeyd etmək olar ki, 2019-cu ildə orta aylıq nominal əmək haqqı illik təxminən 16,6% artığından əmək pensiyaların sığorta hissəsi də eyni nisbətdə artılmışdır. Cari il üçün yenə əmək pensiyalarının sığorta hissəsi 2020-ci ilin orta aylıq nominal əmək haqqının artım tempinə uyğun anoloji qaydada indeksləşdiriləcək. Fərdi hesablarda toplanan kapitalların isə istehlak qiyməti indeksinin artım faizinə uyğun indeksləşdiriləcəyini gözləmək olar”.

1