Rüşvət alan bələdiyyə sədri və icra nümayəndəsinin məhkəməsi oldu

ÖLKƏ
17:03 / 02.02.2021
613

Şəki Ağır Cinayətlər Məhkəməsində Zərdab rayonu, Yarməmmədbağı bələdiyyəsinin sədri vəzifəsində işləyən Sahib Xəlilov və Zərdab Rayon İcra Hakimiyyəti başçısının Yarməmmədbağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş Rahib Xəlilovun cinayət işi üzrə məhkəmə proisesi keçirilib.

Cinayət işinə hakim Bilal Məmmədovun sədrlik etdiyi kollegiya baxır.

Məhkəmənin növbəti iclası fevralın 18-nə təyin edilib.

Qeyd edək ki, hər iki təqsirləndirilən Cinayət Məcəlləsinin 311.3.3-cü (vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə külli miqdarda maddi neməti rüşvət qismində istəməklə alma) maddəsi ilə ittiham edilirlər.

Xatırladaq ki, Baş Prokurorluğun Mətbuat Xidməti ötən ilin iyul ayında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyatla bağlı video yayıb. Götüntülərdə həmin şəxslərin vətəndaşdan rüşvət aldıqları öz əksini tapıb.

Rəsmi məlumata görə, Xəlilov Rahib Yediyar oğlunun bələdiyyəyə məxsus 74 hektar torpaq sahəsini tərtib etdikləri 2007-ci il tarixli saxta icarə müqaviləsi əsasında 25 il müddətinə (2007-ci il tarixdən 2032-ci il tarixədək) icarəyə verilməsi müqabilində vətəndaşdan 10 min manat pul vəsaitini rüşvət qismində istəmələri barədə müraciət əsasında Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparlıb.

Daxil olan məlumat əsasında Baş İdarənin əməliyyat qurumları tərəfindən həyata keçirilən operativ əməliyyat-axtarış tədbirləri ilə Sahib Xəlilov və Rahib Xəlilovun qeyd edilən 10 min manat məbləğinin 500 manatını 18.07.2020-ci il tarixdə tanışlarının adına olan “Kapital bank” ASC-yə məxsus plastik karta yüklənməsinə nail olmaqla, habelə, qalan məbləğin 1.500 manatını isə 22.07.2020-ci il tarixdə Zərdab rayonu, Aşağı Seyidlər kəndində almaları təsbit edilmiş, həmin şəxslər 28 iyul 2020-ci il tarixdə vətəndaşdan tələb etdikləri məbləğin 5 min manatını Zərdab rayonu ərazisində yerləşən kafelərdən birində alarkən cinayət başında yaxalanıblar.

0
Report