Şuşanın dağları başı dumanlı... - Məmurların mədəniyyət paytaxtına hücumu

SİYASƏT
09:39 / 03.02.2021
2351

Xəbər verdiyimiz kimi,  Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirak ediblər. Tədbirdən sonra bir sıra məsələlərlə yanaşı, həm də Şuşa haqqında maraqlı fikirlər səsləndirən ölkə başçısı, məmurların Şuşaya böyük maraq göstərdiyini qeyd edib və onlara xəbərdarlıq ünvanlayıb:

“Bilirsiniz, bu adamların beyninə belə ziyanlı fikirlər gəlir və onlar da bunu tələffüz edirlər. Siyahı davam edir hələ. Fövqəladə Hallar Nazirliyi. Nazir mənə müraciət edib ki, icazə verin, orada biz Fövqəladə Hallar Nazirliyinin Qarabağ regional mərkəzini yaradaq, Şuşa şəhərində. Yenə də eyni məqsədlə, yenə də torpaq, hələ ki, orada indi heç kim yoxdur, yenə də hasar, yenə də nə bilim tikanlı məftil, iqamətgah. Dövlət Sərhəd Xidməti. Bu təklifi indi desəm yəqin ki, mənim kimi Azərbaycan xalqı da güləcək. Xidmətin rəisi mənə zəng edib deyir ki, icazə verin biz sərhəd xidmətinin Şuşa zastavasını da yaradaq. Dedim ki, a kişi Şuşada sərhəd var? Deyin də mənə Şuşada sərhəd var, yoxsa yox? Deyir yoxdur. Deyirəm, bəs nə zastava yaradırsan? İndi bizim o boyda sərhədimiz yaranıb, ta şimaldan cənuba qədər, Kəlbəcərdən Cəbrayıla qədər, Ermənistanla sərhəd. Cəbrayıl rayonunda İranla sərhəd, get orada yarat da. Şuşada nə işin var sənin?! Yenə də gəlim, oturum, yerləşim, iqamətgah qurum, hamısı da dövlət hesabına, hamısı dövlət hesabına. Burada mənim bir rezidensiyam olsun. Mən bəzən bu şeyləri demirəm vətəndaşlara ki, onları iyrəndirməyim, bağışlayın sözümə görə, ifadəmə görə. Amma mənim də artıq səbrim tükənir və deyirəm ki, vətəndaşlar da bilsinlər, bu məmurlar da bilsinlər. Məmurlar öz yerlərini bilsinlər, öz işləri ilə məşğul olsunlar.

Bir də ki, mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm! Ona görə hər kəs otursun yerində, öz işi ilə məşğul olsun, məni də əsəbləşdirməsin. Şuşanın ərazisinin ölçüsü 300 hektardır. Mən qoymamışam ki, bir dənə daş daş üstə qoyulsun. Çünki birinci təhlil aparmalıyıq. Ondan sonra o tarixi binaları bərpa etməliyik, necə bərpa etməliyik, bunu mən də deyə bilmərəm, mütəxəssislər deməlidir, biz indi cəlb etmişik”. 

Moderator.az-a açıqlamasında ölkə başçısının Şuşa ilə bağlı məlum açıqlamasına münasibət bildirən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev, prezident İlham Əliyevin fikirlərinin cəmiyyətdə böyük məmnunluqla qarşılandığını qeyd edib:

“Baş verənlərdən görünür ki, prezident tamamilə qəti mövqeyə keçib. Ölkə başçısının bu vaxta qədər Azərbaycanın işğal edilməmiş rayonları ilə bağlı kifayət qədər məlumatı var. Ölkə başçısı Azəbaycanda ən məlumatlı adamdır. Bilir ki, hansı məmurun nə qədər torpağı var, kim nə ilə məşğuldur və s. Bizdə oliqarxların imkanları çox genişdir. Onlar özlərini dövlət içindəki mini dövlətlərin prezidentləri hesab edirlər.

Prezidentin məmurlarla bağlı kəskin mövqeyi cəmiyyətdə müsbət qarşılanır. Amma dırnaqarası “vətənpərvərlər”, “yaxacıranlar” prezidentin səmimi fikirlərindən prezidenti hədəf almaq üçün istifadə etməyə çalışır. Belə bir fikir səsləndirirlər ki, gör prezidentin ətrafında kimlər var və s. Prezident xalqla məsləhətləşəndə, bunu bir problem hesab edirlər. Məsləhətləşməyəndə, başqa bir problem meydana çıxır. Deyirlər ki, ölkə başçısı xalqı saymır. Xüsusilə, həm burda, həm də xaricdəki müxalifət “özünü öldürür”. Prezident məmurlar haqqında fikrini bildirdi. Açıq qeyd etdi ki, mən bəzi şeyləri bölüşmək, insanları iyrəndirmək istəmirdim, amma bəzi şeyləri deməliyəm. Prezidentin bu yanaşması alqışlanmalıdır. Onun Şuşa ilə bağlı çıxışı prezidentimizin səmimiyyətindən xəbər verir və ölkə başçısının xalqın yanında olduğunu göstərir”.

Cümşüd Nuriyev qeyd edib ki, ölkə başçısının çıxışı,  həm də məmurlara “Şuşadan gözünüzü çəkin!” xəbərdarlığıdır:

“Bu, prezidentin həm də bütün məmurlara bir müraciəti idi. Bu xəbərdarlığın da mahiyyəti bu idi ki, Şuşadan gözünüzü çəkin. Şuşanın cəmi 300 hektar ərazisi var. Bu tarixi şəhəri məhv etməyə sizə imakn verməyəcəyik. Onsuz da ermənilər şəhərin tarixini məhv edib, bu tarixi saxtalaşdırıb. İndi yenidən məmurların Şuşada villa yarışları keçiməsinə, “kim daha bahalı villa tikir” iddiası ilə malikanələr inşa etməsinə imkan verilməyəcək. Hamı bilir ki, məmurlar bu şəhərdə villa tiksə, həmin villalar illərlə boş qalacaq. Məmurlar bu villalara ayda-ildə bir dəfə gedəcəklər, yoxsa yox.

Bir sözlə, prezidentin məmurlara xəbərdarlığı, tutduğu mövqe təqdirəlayiqdir və bütün xalq tərəfindən rəğbətlə qarşılanır”.

0
Moderator.az