"Qızımın ölümündə əli olan şəxslər hələ də azadlıqdadır".
HİT.Az xəbər verir ki, bunu "Trend"-ə açıqlamasında Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın atası Şərif Quliyev deyib.
O bildirib ki, qızının qətlində təqsirləndirilən kənd sakini İlkin Süleymanov həbsdə olsa da, ona bu işdə kömək edənlər məsuliyyətə cəlb edilməyib: "Nərmini İlkin tək öldürməyib. Nərmin qətlə yetiriləndən 7 gün sonra Tovuz rayon polis şöbəsinin əməkdaşı, İlkin Süleymanovun doğma əmisi oğlu Murad Süleymanov işdən çıxarıldı, amma həbs olunmadı. Bu işdə Murad Süleymanovun, onun atası Süleyman Süleymanovun, İlkinin bacısı İlhamə Süleymanovanın, əmisi oğlanları Pərviz Süleymanovun, Adil Süleymanovun və digər şəxslərin əli var. Həmin şəxslər hamısı məsuliyyətə cəlb olunmalıdır. Murad Süleymanov polis orqanlarından xaric edildi, bəs niyə məsuliyyətə cəlb edilmir. Bu işdən onların da xəbəri var".
Qeyd edək ki, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti ötən il yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.