“Azərbaycan göstərdi ki, gələcəyin müharibələri necə olacaq” - Dron sürülərinin dövrü gəlir

SİYASƏT
13:34 / 04.02.2021
1206

2020-ci ilin payızında Azərbaycan bütün dünyaya göstərdi ki, gələcəyin müharibələri necə ola bilər.

Bu barədə Belçikanın “The Bulletin” nəşrində silahlanma və təhlükəsizlik texnologiyaları, hərbi innovasiyalar üzrə ekspert, Brüsseldəki Vrije Universitetinin professor Maaike Ferbryugen (Maaike Verbruggen) yazıb.

O qeyd edir ki, yaxın gələcəkdə dünyanın bu və ya başqa nöqtəsində yarana biləcək hərbi münaqişənin hansı ssenari üzrə cərəyan edəcəyininin əyani nümunəsi Dağlıq Qarabağdakı müharibədir.

Ekspert həmin müharibədə Azərbaycan ordusunun bir neçə tip pilotsuz aparartlardan eyni vaxtda, sanki sürü halında istifadə etdiyini xatırladır. Qeyd edir ki, havada eyni zamanda bir neçə zərbə pilotsuz aparatı olurdu və onlardan bir neçəsi düşmənin yerüstü qüvvələrinə zərbə endirirdi. Maaike Ferbryugen bunu tam mənada dron sürüsündən istifadə olunmaqla döyüç əməliyyatlarının aparılması saymasa da qeyd edir: Azərbaycan dron sürülərinin müharibədə necə istifadə oluna biləcəyinin əsasını qoydu və göstərdi ki, gələcəyin müharibələri necə olacaq.

Belçikalı ekspert vurğulayır ki, dron sürülərinin yüksək effektivliklə döyüş əməliyyatlarında tətbiqi onların süni intellekt tərəfindən idarə olunması halında mümkündür.

“Baxmayaraq ki, hələlik heç kim əsl avtonom dron sürüləri yaratmayıb, amma biz istənilən halda bunun humanitar nəticələri barədə indidən düşünməliyik”, o qeyd edir. Ekspert əlavə edir ki, hazırda müxtəlif şoularda yüzlərlə, hətta minlərlə dronlar bir-biri ilə əlaqəli şəkildə, kompüter proqramı ilə idarə olunmaqla uça bilir. Lakin eyni zamanda minlərlə döyüş dronunun müharibələrdə sürü şəkildə tətbiq olunmasının nəticələrini təsəvvür etmək çətindir.

Qeyd edək ki, pilotsuz döyüş təyyarələri sahəsində dünyanın lider ölkələri sırasında olan Türkiyə belçikalı ekspertin bəhs etdiyi həmin sürü dronları da işləyib hazırlamaqdadır. İlk dəfə 2020-ci ilin martında Türkiyə dron sürüsündən Suriyanın şimalında aparılan hərbi əməliyyatlarda istifadə edib, hazırda bu texnologiya təkmilləşdirilməkdədir. Texnologiya süni intellektlə idarə olunan kiçik zərbə dronlarının sürü halında, avtonom şəkildə uçaraq döyüş əməliyyatları teatrında hədəflərin müstəqil şəkildə müəyyən edilməsi, onların vurulması barədə müstəqil qərar verilməsini nəzərdə tutur. Tezliklə süni intellektlə idarə olunan sürü dronların Türkiyə ordusunun silahlanmasına daxil olacağı gözlənilir. Azərbaycan da ötən ilin payızında Qarabağda yeni nəsil  müharibə təcrübəsini ortaya qoyaraq öz ordusunu daha da müasirləşdirmək, yeni hərbi texnologiyalara əsaslanan silah sistemlərinin alınmasını davam etdirmək üçün artıq hərəkətə keçib. Heç şübhəsiz ki, bu sahədə Azərbaycanın əsas tərəfdaşı Türkiyə olacaq.

0
Virtualaz.org