“Amerika qayıdır!”: Bayden xarici siyasət kursunu açıqladı

DÜNYA
10:38 / 05.02.2021
1064

ABŞ prezidenti Co Bayden fevralın 4-də Dövlət Departamentində ölkənin yeni xarici siyasət kursunu elan edib. Prezident çıxışında  Çin və Rusiyanın “avtoritarlığına” qarşı çıxacağını və dünya müttəfiqləri ilə bağları yenidən möhkəmləndirəcəyini deyib.

“Amerika qayıdır”, “diplomatiya qayıdır” şüarlarını səsləndirən prezident, Donald Tramp administrasiyasının dörd ilindən sonra ölkənin xarici siyasətinin gələcək istiqamətlərinə aydınlıq gətirib.

Özünün əsas xarici siyasət prioritetlərini açıqlayan  Bayden deyib ki, Almaniyadakı ABŞ qoşunlarının ixtisarını dayandıracaq və bundan sonra Səudiyyə koalisiyasının Yəməndəki əməliyyatlarına dəstək verməyəcək. Bayden əlavə edib ki, o habelə ABŞ-a gələn qaçqınların say limitini 125 minə qaldıracaq.

O habelə işarə edib ki, Trampın zamanında zəifləmiş müttəfiqlik bağlarını gücləndirəcək. Yeni prezident diplomatlara xarici siyasətinin tezislərini açıqladıqdan sonra xarici siyasətə həsr olunmuş geniş çıxış edib.

Rusiya məsələsinə toxunan Bayden deyib ki,  prezident Vladimir Putinlə ilk telefon söhbətində ona ABŞ-ın Rusiyanın “aqressiv hərəkətləri” üzərindən sakitcə keçdiyi vaxtların başa çatdığı barədə xəbərdarlıq edib:

"Mən prezident Putinə, xələfimdən çox fərqli bir tərzdə bildirdim ki, Birləşmiş Ştatların Rusiyanın seçkilərə müdaxilələri,kiberhücumları, onun öz vətəndaşlarını zəhərləməsi kimi aqressiv hərəkətlərinin üzərindən ötüb keçdiyi vaxtlar artıq bitib”.

Onun Rusiya barədə qeydləri Vaşinqton və Avropa müttəfiqlərinin müxalifət siyasətçisi Aleksey Navalnının həbsi ilə bağlı yeni sanksiyalara hazırlaşdığı bir dövrə təsadüf edib. Bayden bu həbsi “siyasi” adlandırıb və antikorrupsiya fəalının dərhal azad olunmasına çağırıb.

ABŞ prezidenti əlavə edib ki, Vaşinqton və Moskva bəzi sahələrdə əməkdaşlıq edə bilərlər. O misal kimi strateji silahlara nəzarətə dair Yeni START müqaviləsinin müddətinin uzadılmasını qeyd edib.

Bayden nitqində Çinlə münasibətlərə də geniş yer verib. O bildirib ki, ABŞ Asiya-Sakit okean coğrafiyasında iqtisadi, siyasi və hərbi qüdrətini gücləndirəcək. O Çini Birləşmiş Ştatların “ən ciddi rəqibi” adlandırıb, lakin deyib ki, qarşılıqlı faydalı məsələlərdə Pekinlə əməkdaşlıq edilə bilər. ABŞ prezidenti deyib ki, onun ölkəsi Çinin iqtisadi qanunsuzluqlarına, insan haqlarını pozmasına, Pekinin intellektual mülkiyyətə və qlobal idarəçiliyə hücumlarına qarşı çıxacaq.

0
Virtualaz.org