Saakaşvilidən niyə bu qədər qorxurlar?..

DÜNYA
12:00 / 11.05.2020
2637

Hüseynbala Səlimov

Ondan təkcə Gürcüstanda ehtiyat etmirlər. Amma prezident V.Zelenskinin M.Saakaşvilini baş nazirin birinci müavini və həm də islahatlar üzrə nazir təyin etmək təklifinə ilk reaksiya məhz Tiflisdən gəldi.

Gürcüstanın eks-prezidenti və Odessanın eks-qubernatoru Saakaşvili islahatlar üzrə icariyyə komitəsinin başçısı təyin olunan kimi rəsmi Tiflis səfirini Kiyevdən geri çağırdı.

Cənab "boz kardinal” B.İvanişvilinin və onun komandasının həyəcanının səbəblərini başa düşmək olar, belə ki, Saakaşvilinin böyük siyasətə qayıdışı gürcü müxalifəti üçün bütün hallarda əlavə mənəvi (ən azı!) dəstək alacaq ki, bunda da heç bir halda gürcü hakimiyyəti maraqlı deyil, çünki pandemiya imkan verərsə, bu ilin payızında Gürcüstanda parlament seçkisi keçiriləcək.

Seçki ərəfəsində isə hakim siyasi koalisiyanın şansları elə də yüksək dəyərləndirilmir, çünki bu illər ərzində B.İvanişvilinin komandası elə bir şey etmədi ki, bununla bağlı insanlar demiş olsunlar: "Bəli, bunu "Gürcü arzusu” eləyib”.

Əksinə, ölkədə M.Saakaşvili tərəfindən başlanan siyasi kurs davam etdirilir – həm daxili, həm də xarici siyasətdə, özü də müəyyən əyintilər və təhriflər olmaqla. Üstəlik, gürcü seçicilərini siyasi cəhətdən savadsız, "boz bir kütlə” kimi təsəvvür etmək mümkün deyil – yox, o, siyasi planda çox savadlı və mobil cəmiyyətdir, burada insanlar yalanı həqiqətdən ayırmaq, ən başlıcası da yalana "yox” demək gücündədirlər.

Güman ki, eks-prezident M.Saakaşvilinin ən böyük qüsuru onda idi ki, onun qərarları lazım olandan, Gürcüstanın ictimai-siyasi reallıqlarının və ehtiyaclarının tələb etdiyindən daha sərt olurdu.

Üstəlik, onun diplomatik ritorikası, xüsusən də Rusiyanın ünvanına söylədikləri ağır və açıq tənqidlər yolverilməz idi. Yox, o, adətən hər şeyi düz deyirdi, amma onu həddən çox sərt şəkildə deyirdi ki, bu da Kiyev Beynəlxalq Əlaqələr İnstitunun məzunu olan bir kəs üçün tamam yolverilməz idi, çünki Mixeil müəllim bilməli idi ki, siyasətçi həqiqətləri yox, lazım olanları deyir və siyasətçilər hər şeyi olduğu kimi deməyə başlasalar, onda dünyada indiki pandemiyadan yüz dəfə güclü fəlakətlər baş verər...

Demək lazımdır ki, Kiyevin özündə də Zelenskinin təklifini xüsusi şadyanalıqla qarşılamadılar. Məsələ onda deyil ki, Saakaşvili ukraynalı deyil, ona qalsa, Zelenski də yəhudidir. Amma Ali Rada M.Saakaşvilinin baş nazir müavini və nazir olmasına razılıq vermədi və Zelenski onu yalnız komitə sədri təyin edə bildi. Etiraf edirik ki, bizə bu komitənin səlahiyyətləri elə də bəlli deyil və bir qayda olaraq onların qərarları tövsiyyə xarakterli olur. Düşünürük ki, burada da iki məqam öz rolunu göstərdi.

Birincisi, xeyli gənc olmasına baxmayaraq, prezident V.Zelenski çox hiyləgər adamdır və güman ki, onun özü də M.Saakaşvilini Ukraynanın "siyasi vitrin”ində görmək istəmir – yox, bunun həm daxili, həm də xarici siyasət baxımından fors-major, hətta birbaşa acı nəticələri belə ola bilər. İkincisi, Saakaşvili daim bilməli və heç vaxt unutmamalıdır ki, onu bu vəzifəyə məhz Zelenski təyin edib...

Ukraynalı deputatlara və yaxud nazirlərə gəldikdə isə, onların da Mixeilə soyuq münasibətinin həm obyektiv, həm də subyektiv səbəbləri var.

Obyektiv səbəblərlə bağlı onu demək olardı ki, onları da M.Saakaşvilinin ümpulsiv xarakteri, siyasi avantüralara meylli olması qorxudur. İkincisi də Ukraynanın da siyasi palitrası çox mürəkkəbdir. Burada rusiyapərəst qüvvələr də var, qərbçilər də. Amma onların çoxunu bir keyfiyyət birləşdirir: onlar heç də mələk deyillər və hətta özünü Qərb təmayüllü siyasətçi hesab edənlər belə prinsipial, ideyalı adamlardan bir qayda olaraq, çəkinir və ehtiyat edirlər, əks təqdirdə, bu son illərdə, xüsusən də bir neçə Maydandan sonra Ukraynada çox şey dəyişə bilərdi, amma olmadı. Bu gün vəziyyət belədi ki, ölkə korrupsiya içində boğulur və bunu onun Qərb tərəfdaşları da daim qeyd edirlər. Məsələ bundadı ki, inqilab etmək bir şeydir, qolunu çırmalayıb xalq üçün çalışmaq isə başqa bir şey.

Korrupsiya məsələsi indi həm də ona görə aktuallaşıb ki, Avropa Birliyinin üzv ölkələrə, o cümlədən də Şərq Tərəfdaşlarına böyük maliyyə inyeksiyalarının yönəldəcəyi gözlənir – M.Saakaşvilinin imici burada V.Zelenskinin həqiqətən də karına gələ bilər.

Amma bir çox deputatları və məmurları daha çox "öz dəriləri” narahat edir, çünki M.Saakaşvilinin "təmiz əl siyasəti”nin qurbanları onlar özləri və yaxud da onların yaxınları da ola bilər...

1
Qaynarinfo.az