Son günlər dünya birjalarında neftlə bağlı önəmli dəyişikliklər olub. Neft qiymətləri son 2 ilin ən böyük artım tempini nümayiş etdirib. ABŞ-ın üçüncü böyük bankı olan "Citigroup”un yaydığı məlumatda bildirilib ki, "Brent” markalı xam neftin qiyməti ilin sonuna kimi 70 dollar/barrelə çata bilər.
İqtisadçı ekspert Eldəniz Əmirov Sputnik Azərbaycan-a deyir ki, dünyada peyvəndlə bağlı yayılan müsbət informasiyalar neftə tələbatı artırıb:
"Bu tələb hasilatın artması ilə əlaqəli deyil. Peyvəndin müsbət təsirləri bütün dünya üzrə qeydə alınsa, tələbat 100 milyon barreli ötəcək. Bu isə neftin qiymətinin 60 dollardan aşağı enməsinə imkan verməyəcək. Amma bu o demək deyil ki, neftin qiyməti daha yüksək həddə qalxacaq. Hazırda praktik olaraq neftin istifadəsinə tələb artmayıb. Sadəcə nikbinlik alıcılıq tələbini artırıb. Yaya doğru ola bilsin ki, qiymətlərdə yenə dalğalanmalar olsun”.