General Qaramyan Yerevanda və Xankəndində hərbi çevrilişə çağırır

DÜNYA
14:39 / 15.02.2021
2085

Birinci Qarabağ müharibəsinin “qəhrəmanlarından” olan əsgəranlı  qondarma general  Arşavir Qaramyan ordunu Yerevanda və Xankəndində çevriliş etməyə çağırıb. 

Erməni KİV-i xəbər verir ki,  əsgəranlı “general” bu haqda özünün Facebook səhifəsində yazıb. Birbaşa olmasa da dolayısı ilə erməni ordusuna (daha doğrusu onun müharibədən şil-küt olub çıxmış qalıqlarına) Yerevanda və Xankəndində hakimiyyəti ələ almağı təklif edib.

Qaramyanın fikrincə , Qarabağın itirilməsi Yerevanda və Xankəndində erməni millətinin məğlubiyyəti ilə başlayıb. “Ona görə də arxasın azad edilməsi də Yerevanda və Stepanakertdə (Xankəndi) erməni ordusunun qələbəsi ilə başlamalıdır”,-o yazıb.

Qaramyanın bu tezisindən irəli gələn məna budur ki, ermənilər Qarabağdakı məğlubiyyətə görə revanşa can atırlarsa əvvəlcə ordu Yerevanda və Xankəndində “qalib gəlməlidir”, yəni hakimiyyəti ələ almalıdır.

Qaramyan bundan əvvəl erməniləri “yuxudan ayılmağa” çağırmışdı və bildirmişdi ki, daha Qarabağın Ermənistan olmadığını dərk etməyin zamanıdır.

Arşavir Qaramyan Dağlıq Qarabağda fəaliyyət göstərən qurama hərbi xunta rejiminin rəhbərlərindən biri olub, birinci müharibədən sonra bu rejimdə “təhlükəsizlik şurasının katibi” və “daxili işlər naziri”, “baş prokuror”  kimi səs-küylü vəzifələr tutub. 2018-ci ildən isə bu rejimin sıralarından uzaqlaşdırılıb.

0
Virtualaz.org