“Dostluq” yatağının ehtiyatları nə üçün 30-un 70-ə nisbətində bölünüb? - EKSPERT

İQTİSADİYYAT
09:39 / 19.02.2021
1541

Azərbaycanla Türkmənistan arasında yanvarın 21-də Aşqabadda  imzalanmış “Dostluq” neft yatağının birgə işlənməsinə dair anlaşma memorandumunun detalları məlum olub. Sənədə əsasən, yatağın karbohidrogen resursları tərəflər arasında 30 faiz Azərbaycana, 70 faiz Türkmənistana nisbətində bölüşdürüləcək. Azərbaycan və Türkmənistan “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi üzrə tərəflər arasında əməkdaşlığı tənzimləyəcək hökumətlərarası saziş bağlayacaq.

Qeyd edək ki, “Dostluq” adlandırılan yataq Xəzər dənizində Azərbaycanla Türkmənistanın sərhədində yerləşir. Əvvəllər Azərbaycan onu “Kəpəz”, Türkmənistan isə “Sərdar” adlandırıb. Yataq SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb. SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhədinin tən ortasında yerləşdiyi üçün “Promejutoçnoe”, yəni “Aralıq” adlandırılıb.

SSRİ dağıldıqdan sonra yataqla bağlı iki ölkə arasında ciddi fikir ayrılığı yaranıb, bu, dövlətlərarası münasibətlərin kəskin soyuqlaşmasına səbəb olub. Belə ki, 1997-ci ildə Azərbaycan Rusiyanın “LUKoil” və “Rosneft” şirkətləri ilə yatağın işlənməsinə dair müqavilə imzalayıb. Türkmənistan tərəfinin etirazından sonra Rusiya şirkətləri müqaviləni ləğv ediblər. Ardınca Türkmənistan İranla birgə yatağın işlənməsinə cəhd edib, Azərbaycanın etirazı nəticəsində buna nail ola bilməyib.

1997-ci ildə yataqla bağlı mübahisələr başlayandan sonra 1998-ci ildə Xəzər dənizinin orta xətti koordinatları üzrə Azərbaycanla Türkmənistan arasında  danışıqlar aparılması üçün ekspert qrupu yaradılıb. Lakin qrupun fəaliyyəti tərəflər arasında razılaşmanın əldə olunmasına gətirib çıxarmayb. Məsələ ilə bağlı dəfələrlə müzakirələr, danışıqlar aparılsa da, Türkmənistanın kompromisə meylli olmaması nəticəsində hər hansı ortaq nöqtəyə gəlmək mümkün olmayıb. Belə ki, Azərbaycan dəfələrlə yatağın birgə işlənməsini təklif etsə də, Aşqabad bunu qəbul etməyib. 2012-ci ildə isə Türkmənistan yatağın istismarı barədə Kanadanın “Buried Hill Energy” şirkəti ilə danışıqlara başlayıb.  Azərbaycan bununla bağlı həm Türkmənistana, həm də Kanadaya mövqeyini çatdırdıqdan sonra danışıqlar dayandırılıb.

Ölkələr arasında mübahisəyə Xəzər dənizinin dibinin və səthinin bölgüsü üzrə mövqe ayrılığı gətirib çıxarıb. Hər iki ölkə dənizin orta xətt prinsipi ilə bölünməsinə tərəfdar olsa da, Azərbaycan orta xəttin müəyyənləşdirilməsi zamanı beynəlxalq prinsiplərə uyğun olaraq, hesablamanın quru sahəsindən başlayaraq aparılmasını təklif edir. Bu zaman hesablama dənizin içərisinə doğru uzanan Abşeron yarımadasından başlayaraq aparılmalıdır. Türkmənistan isə hesablamanın dənizin başlanğıc və son nöqtəsi əsasında aparılmasını təklif edir. Hansı ki, bu zaman Türkmənistan sərhədi Abşeron yarımadasının bir neçə kilometrliyindən keçməlidir. Nəticədə, nəinki mübahisəli yataq, digər neft-qaz yataqları, o cümlədən “Azəri-Çıraq-Günəşli” yataqları da Türkmənistana məxsus olmalıdır. Elə bu prinsipdən çıxış edən Türkmənistan uzun müddət “Ömər” və “Osman” adlandırdığı bu yataqların işlənməsinə də qarşı çıxıb.

Onu da qeyd edək ki, yataqla bağlı müzakirələr bu illər ərzində mütəmadi olaraq davam etdirilib. Danışıqlar nəticəsində əldə olunan razılaşmanın müddəaları, xüsusilə hələ koordinatları dəqiqləşməyən yatağın ehtiyatlarının bölgü nisbəti suallar doğurur. Əcəba, həmişə dörddə üç hissəsi Azərbaycan sektorunda yerləşdiyi deyilən yatağın ehtiyatları nədən 30:70 nisbətində bölünəcək? Azərbaycanın bölgüdə bu güzəşti nədən irəli gəlir?

Sualları cavablandıran enerji məsələləri üzrə ekspert, “Neft” Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban hesab edir ki, ölkələr arasında imzalanmış memoranduma qanun statusunun verilməsinə ehtiyac yox idi: “Mənə anlaşılmazdır ki, hüquqi baxımdan heç bir öhdəlik yaratmayan anlaşma memorandumu nədən qanun statusu alaraq Milli Məclisə çıxarılır? Hökumətlərin ilkin razılaşmasıdır bu. Konkret işlənmə müqaviləsi deyil axı? Belə çıxır ki, konkret müqavilə imzalanandan sonra bir də onu Milli Məclisə çıxaracaqlar? İkincisi, kommersiya müqaviləsi imzalanmayıb axı. Azərbaycanın neft tarixində biz ilk dəfədir ki, hasilatın pay bölgüsü sxemindən fərqli bir sxem görürük”.

Ekspertin fikrincə, ehtiyatların bölgü nisbətində Azərbaycanın Türkmənistana güzəşti hiss olunur: “Görünür ki, Azərbaycan Türkmənistanı razı salmaq üçün bu bölgüyə gedib. Bunun başqa cür izahı yoxdur. Xəzər dənizində yerləşən ehtiyatlarla bağlı Rusiya ilə Qazaxıstan arasında hökumətlərarası razılaşma var. Razılaşmaya əsasən əgər hər hansı bir yatağın 5 faizi belə digər ölkənin sektorunda olacaqsa, onda tərəflər həmin yatağın ehtiyatlarını 50:50 prinsipi ilə istismar edəcəklər. İndi Türkmənistandır də... Yəqin ki, bu bölgü Azərbaycan tərəfini qane edir: çünki bütün işlər Azərbaycanın infrastrukturunda aparılacaq, qazma, hasilat, quraşdırma, sualtı kəmərlərin çəkilişi və sair. Türkmənistanın bu imkanları yoxdur. Bütün bunlardan da Azərbaycanın gəlirləri olacaq”.

Mənbə: Yeni Müsavat

1