Ermənistanın 10 kəndi Naxçıvana qaytarılır? - AÇIQLAMA

ÖLKƏ
13:48 / 19.02.2021
3429

Vaxtilə Azərbaycanın da daxil olduğu Zaqafqaziya Sovet Federativ Sosialist Respublikaları Mərkəzi İcraiyyə Komitəsinin 1929-cu il 18 fevral tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikasının 10 kəndi Ermənistana verilib. Həmin vaxt muxtar respublikanın 657 kvadratkilometr ərazisinin Ermənistana verilməsi ilə 1921-ci il 16 mart tarixli Moskva və 1921-ci il 13 oktyabr tarixli Qars müqavilələrinin şərtləri kobud şəkildə pozulub.

Yenisabah.az xəbər verir ki, bu barədə AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli mediaya müsahibəsində bildirib. O, həmin kəndlərin də Azərbaycana - Naxçıvana qaytarılmasının vacibliyini diqqətə çatdırıb.

Maraqlıdır, həmin kəndlərin yenidən Azərbaycana - Naxçıvana qaytarılması nə dərəcədə realdır? Ümumiyyətlə, bu mümkündürmü?

Mövzu ilə bağlı Milli Məclis deputatı Fazil Mustafa Yenisabah.az-a açıqlamasında deyib ki, tarixi fakt kimi daima bu məsələni gündəmə gətirmək lazımdır:

“Təbii ki, bu ərazilər qanunsuz olaraq verilib. Həmçinin Nüvədili və başqa 4 kəndin də verilməsi məsələsi var. Bu da Meğri-Naxçıvan-Ordubad yolu üzərində təxminən 15 kilometr ərazinin  ermənilərə verilməsi mənasına gəlir. Hadisə səhv etmirəmsə, 1931-ci ildə gerçəkləşib.  Biz  bunların hamısını işıqlandırmalıyıq.  Amma burada bir məqamı unutmamalıyıq. Biz SSRİ-dən ayrılanda həmin vaxt hansı ərazilər bizə məxsus idisə, o ərazilər üzərindən çıxış edirik. Ona görə də biz bunu sadəcə bir tarixi fakt kimi qaldırmalı, ədalətsizlik kimi göstərməliyik. Mən bu aspektdən dəstəkləyirəm. Həqiqətən də həmin müqavilələr pozulub. Erməni iddialarına qarşı bu iddiaları səsləndirməyimiz vacibdir”.

Millət vəkili hesab edir ki, məsələnin hüquqi tələb kimi gündəmə gətirilməsi nəticə doğurmayacaq:

“Hansısa bir siyasi ərazi iddiası kimi irəli sürməyimiz  müəyyən dərəcədə problem yarada bilər. Düzü, hüquqi tələb kimi gündəmə gətirməyimizin nəticə doğuracağını düşünmürəm. Bizim keçmişdə hansı ərazinin qanuni və ya qanunsuz verilməsinin üzərində durmaqla nəyisə əldə etməyimiz çətin olacaq. Biz o ərazilərdə dururuq ki, SSRİ-dən ayrılanda müttəfiq respublika kimi 1991-ci ilədək Azərbaycan ərazisi olub, onları geri qaytarmalıyıq. Tarixdə kimin qərarı ilə nələrin verilib-alındığını çözələməyə başlasaq, qarşılıqlı müəyyən ziddiyyətlər ortaya çıxa bilər”.

2