Azərbaycanla Monqolustan arasında ilk siyasi məsləhətləşmələr - RƏSMİ

SİYASƏT
18:00 / 23.02.2021
675

23 fevralda videokonfrans şəklində Azərbaycan və Monqolustan xarici işlər nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib.

HİT.Az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və Monqolustan Xarici İşlər nazirinin müavini Minxjin Batsumber iştirak etdiyi siyasi məsləhətləşmələrdə iki və çoxtərəfli münasibətlərə aid məsələlər müzakirə mövzusu olub.

Azərbaycan xarici işlər nazirinin müavini bölgədə cərəyan edən son proseslər, o cümlədən 44 günlük Vətən müharibəsindən sonrakı vəziyyət, üçtərəfli bəyanatlardan irəli gələn tədbirlərin həyata keçirilməsi və digər aidiyyəti məsələlər barədə qarşı tərəfə ətraflı məlumat verib.

Görüşdə tərəflər Azərbaycan-Monqolustan ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti, gündəlikdə duran məsələlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, gələcək əlaqələrin möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparıldı və bu xüsusda bir sıra təkliflər irəli sürülüb.

Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi dialoqun davam etdirilməsinin vacibliyini, iqtisadi və ticarət sahəsində mövcud vəziyyətin inkişaf etdirilməsinin, o cümlədən kənd təsərrüfatı, xalçaçılıq, baytarlıq və digər istiqamətlər üzrə əməkdaşlığın, hüquq müqavilə bazasının möhkəmləndirilməsi üzrə işlərinin aparılmasının əhəmiyyətini qeyd edilib.

Görüşdə xalqlarımız arasında əlaqələrinin gücləndirilməsi, turizm, təhsil, mədəniyyət, humanitar sahələrdə qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi vacibliyini xüsusi vurğulanıb.

0