Yolların buz bağlaması səbəbilə təkcə bir günlük - ötən gün yaşanan çörək qıtlığı bu gün bəzi satış mərkəzlərində çörəyin qiymətinin qalxmasına səbəb olub.
Məsələ ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib ki, ölkəmizdə çörəyin qiyməti dövlət tərəfindən tənzimlənmir və Azərbaycana idxal edilən taxılın qiymətinin qalxması çörəyin qiymətinə də öz təsirini göstərib:
“Azərbaycanda çörəyin qiyməti dövlət tərəfindən tənzimlənmir. Sadəcə Nazirlər Kabinetinin qərarına əsasən bəzi taxıl idxalı ƏDV-dən azad edildi və nəticə etibarı ilə bu da qiymətlərin tənzimlənməsinə müsbət təsir göstərəcək bir amilə çevrilməli idi. ƏDV-dən azad olunmuş taxılın ölkəyə gəlməsi hələ yeni başlayıb. Bundan öncəki dövrdə Azərbaycana idxal edilən taxılın qiymətinin qonşu ölkələrdə də qalxdığını nəzərə almaq lazımdır. Fevralın 1-dən Rusiya ixrac etdiyi taxılın rüsumunu 25 avrodan 50 avroya qaldırdı. Bu kifayət qədər ciddi artımdır. Bu da ölkəmizdəki qiymətlərə təsir edir, çörəyi bahalaşdıran amilə çevrilir. Azərbaycanda dövlətin əlində gömrük və vergi rüsumlarından başqa alətlər yoxdur ki, qiyməti tənzimləsin”.
Ekspert bildirib ki, belə vəziyyətdə bəzi çörək sexləri çörəyin çəkisini azaltmaqla bunu kompensasiya etməyə çalışacaqlar:
“Qiymət artımının obyektiv səbəbləri də var. Bu səbəblərdən biri dizel yanacağının qiymətinin artmasıdır. Bu logistikanın maya qiymətini artırıb ki, qiymətlərə mənfi təsir edən amillərdən biri budur.
Azərbaycanda çörəyin qiyməti artan zaman istifadə olunan qəribə bir metod var. Bəzi çörək sexləri, müəssisələr qiymətdə dəyişiklik etməsələr də çəkini azaldırlar. Çəkinin və xərclərin azaldılması yolu ilə qiyməti stabil saxlamağa çalışırlar. Ola bilər ki, hava şəraiti ilə bağlı ajiotaj yarandı və bu da qiymətlərə təsir etdi. Bir çox marketdə çörək tapmaq çətinləşdi, vətəndaşlarımız belə havada lazım oldu, olmadı daha çox çörək alırlar. Bu da müəyyən dərəcədə qiymətlərə təsir etdi, çatışmazlıq yaranan kimi qiymətlər artdı.
Əslində bu, özəl sahədir, dövlət tərəfindən tənzimlənmir. Hökumət ilkin addımı ƏDV ilə bağlı atdı və qiymətin gələcəkdə artmamasını istəyiriksə, dövlət çörək sexlərinə müəyyən vergi güzəştləri də tətbiq etməlidir, onlarla bu güzəştlərin müqabilində qiymətlərin artmaması ilə bağlı “centlmen sazişi” bağlamalıdır”.
Qeyd edək ki, Nazirlər Kabineti “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə" qərar verib. Fevralın 17-i bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.