"Qarabağ" qalib gəlib, "Neftçi" uduzdu

İDMAN
21:05 / 25.02.2021
886

Azərbaycan Premyer Liqasında XVII turun oyunları keçirilib.

Hit.az-ın məlumatına görə, eyni günə təsadüf edən turun üç görüşü Bakıda, biri isə Qəbələdə baş tutub.

Bütün matçlardan öncə Xocalı soyqırımının qurbanları 1 dəqiqəlik sükutla yad olunub. Günün ilk matçında turnir cədvəlindəki qonşular “Qəbələ” ilə “Sumqayıt” üz-üzə gəlib. Bir qolla qalib gələn meydan sahibləri rəqibi ilə xal fərqini 2-yə endirib.

Autsayderlərin duelində də turnir cədvəlindəki qonşular görüşüb. “Sabah”la “Keşlə”nin duelində komandalar hərəyə 1 qol vurmaqla 1 xal qazanıb.

Çempionatın lideri “Neftçi” yenə “Zirə” ilə qarşılaşmada büdrəyib. Cari mövsüm 5-ci dəfə rəqibinin qapısına qol vura bilməyən “ağ-qaralar” səfərdən 0:1 hesablı məğlubiyyətlə dönsə də, mövqeyini qoruyub.

Son çempion “Qarabağ” “Səbail”i qonaq edib. Ağdam təmsilçisinin futbolçuları meydana Xocalı soyqırımının 29-cu ildönümünü anmaq üçün xüsusi formalarda çıxıblar. Formanın kürəyində “#JusticeforKhojaly” (Xocalıya ədalət), qolunda isə “613” rəqəmi (Xocalı soyqırımı qurbanlarının sayı) yazılıb. Xal itirən “Neftçi”yə çatmaq üçün qalib gəlməli olan Qurban Qurbanovun yetirmələri yalnız ikinci hissədə qonaqların müqavimətini qıra biliblər.

Qeyd edək ki, növbəti turun oyunları martın 2-3-də keçiriləcək.

Azərbaycan Premyer Liqası
XVII tur
25 fevral (cümə axşamı)

15:00. “Qəbələ” –“ Sumqayıt” - 1:0
Qol: Ceyms Adeniyi, 50

16:00. “Zirə” – “Neftçi” - 1:0
Qol: Davit Volkov, 67

17:30. “Sabah” – “Keşlə” - 1:1
Qollar: Fofana Tiemoko, 90+1 - Şəhriyar Əliyev, 79

18:30. “Qarabağ” – “Səbail” - 1:0
Qol: Xayme Romero, 72

0