Kobud tender pozuntusu: FHN 126 min manatlıq it yemi alır - FOTO

İQTİSADİYYAT
15:16 / 27.02.2021
1401

Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi 26 fevralda mobil mühafizə məntəqələri və it yeminin satınalınması müsabiqələrinə yekun vurub.

Qaynarinfo xəbər verir ki, ümumi məbləği 422 min manat olan iki tenderin qalibləri "Kamiloğlu” və "Metro İnvest” MMC-lər olub.

296 min 121 min manat məbləğində olan mobil mühafizə məntəqələrinin satınalınması müsabiqəsini "Kamiloğlu” MMC qazanıb. Tenderin şərtlərinə görə, 10 bank günü ərzində şirkət 6 ədəd mobil məntəqə (4 kabinalı hamam) - 6M x 2,4M x 2,6M ölçülü, 14 ədəd mobil mühafizə məntəqəsi - 6M x 2,4M x 2,6M ölçülü, 1 ədəd mobil mühafizə məntəqəsi - 7M x 3M x 2,6M ölçülü, 7 ədəd mobil məntəqə (4 kabinalı tualet) - 6M x 2,4M x 2,6M ölçülü, 2 ədəd mobil məntəqə (4 kabinalı hamam) - 6M x 3M x 2,6M ölçülü təhvil verməlidir. 

"Kamiloğlu” MMC Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsinin 02.04.2020 tarixində keçirdiyi daha bir tenderi qazanıb. Məbləği 289 min 100 manat olan tender tərtibat işlərinin satınalınması ilə bağlı olub.

"Kamiloğlu” MMC-nin hazırda 2812 manat vergi borcu var. "Dövlət satınalmaları haqqında” qanuna görə, vergi borcu olan şirkətlər tenderlərdə iştirak edə bilməz.

20100 manat nizamnamə kapitalına malik şirkətin qanuni nümayəndəsi Vüqar Rzaqulu oğlu Rzayevdir. 

126 min manat məbləğində it yemlərinin satınalınması müsabiqəsini "Metro İnvest” MMC qazanıb. Tenderin şərtlərinə görə, şirkət 5 bank günü ərzində 1350 paçka it yemi (Large breed 18 kq) və 50 paçka it yemi (it yemi Kids 15 kq) təhvil verməlidir. 

Qeyd edək ki, 10 manat nizamnamə kapitalına malik "Metro İnvest” MMC 2013-cü ildə yaradılıb.

1