Daha bir marşrut "BakıKart"a keçdi

İQTİSADİYYAT
14:34 / 04.03.2021
1759

Paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 48 %-i nağdsız ödəniş sisteminə inteqrasiya edilib. Hazırda gündəlik olaraq 590 min nəfərə yaxın sərnişinin (ümumi sərnişinlərin 33%) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir.

HİT.Az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, nağdsız ödəniş sisteminin tətbiqi dövriyyənin şəffaflaşdırııması, vergi ödəmələrinin artırılması, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sürücülərin və digər çalışanların sosial rifahının yaxşılaşdırılması baxımından olduqca faydalıdır. Sərnişindaşımalarda təhlükəsizlik kimi vacib məsələlərin həlli baxımından əhəmiyyətli olan nağdsız ödəniş sistemi həmçinin bu sektorda sahibkarlığın inkişafında struktur və keyfiyyət dəyişikliyinə də müsbət təsir göstərməkdədir.

Sabahdan 64 nömrəli marşrut xətti (“Neftçilər” m/s – Yeni Günəşli qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda da gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək. Bununla da gün ərzində orta hesabla 13 000 nəfərdən artıq sərnişinin rahat daşınması təmin olunacaq.

Sərnişinlərin rahatlığı nəzərə alınaraq Yeni Günəşli qəsəbəsi üzrə zəruri ərazilərdə ümumilikdə 5 ədəd “BakıKart”ın balansını artırmaq üçün ödəmə pos-terminalları qoyulacaq.

İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

0