Tağıyevin gənc arvadının soyadını götürdü, bığını qırxdığı üçün nəsli ilə düşmən oldu - Ərəblinskini kim güllələyib?

MƏDƏNİYYƏT
15:07 / 04.03.2021
1490

Bu gün Azərbaycan peşəkar teatr sənətinin banilərindən biri aktyor Hüseyn Ərəblinskinin anım günüdür.

HİT.Az Kulis.az-a isinadla onun haqqında maraqlı faktları təqdim edir.


Hüseyn Məmməd oğlu Xələfov 1881-ci ildə Bakı şəhərində yoxsul bir dənizçi ailəsində dünyaya göz açıb. Hüseynin həyatı uşaqlıqdan ehtiyac və sıxıntı içində keçib. Atasını vaxtsız itirdiyindən anasının himayəsi altında böyüyüb. Anası Hüseyni mollaxanaya qoyur. Bir neçə il burada oxuyan Hüseyn təhsil xərcini ödəyə bilmədiyinə görə mollaxanadan çıxmağa məcbur olub. Sonrakı illərdə o, "Üçüncü Rus-Tatar" məktəbini oxuyub bitirir.

***

O, qısa zamanda Axundovun, Hacıbəyovun, Şillerin, Qoqolun eləcə də bir çox yazıçıların əsərlərini həm səhnələşdirir, həm də həmin əsərlərin baş rollarında özünü sınayır.

***

Lakin, həmin dövrdə tamaşa hazırlamaq, səhnədə çıxış etmək olduqca böyük çətinliklər yaradır. Buna maneçilik törədən əsas səbəblərdən biri insanların teatra olan lağlağı və biganə münasibəti, daha sonra tamaşaların oynanması üçün teatr binalarının olmaması, eləcə də bir çox qeyri peşəkar insanların rəhbərlik etdiyi truppaların yaranması olur. Belə ki, həmin truppalar o vaxtkı aktyorları teatr mövsümündə öz tamaşalarında oynadırdı. Mövsüm bitdikdən sonra aktyorlara çox az maaş verib başlarından edirdilər. Yay fəslində aktyorlar tamamilə işsiz və pulsuz qalardı.

Tamaşa göstərmək üçün bina icarəyə götürmək külli miqdarda vəsait tələb edirdi. Çox zaman pul tapmayan aktyorlar nəyi isə girov qoymağa məcbur olurdular. Hüseyn Ərəblinskinin də tez-tez girov qoyduğu bir üzüyü var idi. Həmkarlarının "sehrli üzük" adlandırdığı bu üzük illərlə girov qalırdı. Deyilənlərə görə Ərəblinski bu üzüyü dostu Hüseynqulu Sarabskiyə verib. Hüseynqulu Sarabskinin oğlu isə həmin üzüyü teatrşünas İnqilab Kərimova on manata satıb.

***

Ərəblinskinin xalq arasında böyük nüfuzu olub. O kasıb olsa da, olduqca ziyalı və aristokrat adam olub, xalqın ziyalı kəsiminin böyük ehtiramını qazanıb. Onun kostyumu Bakıda ancaq onda varmış. Teatra gəlişindən sonra kassada bilet satılmağa başlayıb. İşlədiyi aktyorlara çayxanalara getməyi qadağan edib.

***

Anası ilə birlikdə atası alan evin ikinci mərtəbəsində yaşayırmış. Ərəblinski vərəm xəstəliyinə tutulanda Musa Nağıyevin bankından kreditlə pul götürüb. Sonra həmin pulu qaytara bilmədiyi üçün bank 1913-cü ildə həmin evi satışa çıxarıb. Ərəblinski yarımzirzəmiyə köçüb və ömrünün axırına qədər anası ilə orda yaşayıb. Ərəblinskinin anası Pəri xanımın atası imkanlı şəxs olub. Ancaq Pəri xanım Hüseynin atasına ərə getdiyi üçün, atası onu övladlıqdan çıxarıb və varislikdən məhrum edib.

Zaman keçdikcə, Hüseynin oynadığı yeni rollar ona ard-arda şöhrət gətirir. 1906-cı ilə qədər bütün teatr afişalarında Hüseyn Xələfov kimi göstərilən aktyor, həmin ilin oktyabr ayından Ərəblinski təxəllüsü ilə çıxış edir.

***

Bir çox teatr tədqiqatçılarının və aktyorun dostlarının yazılı xatirələrindən belə məlum olur ki, Hüseyn Ərəblinski həmin soyadı onun tamaşalarını izləməyə gələn Hacı Zeynalabdin Tağıyevin yaşca özündən xeyli cavan olan arvadı Sona Tağıyevaya olan vurğunluğu səbəb olur.

***

1906-cı il sentyabr ayının 22-də Dərbəndə qastrol səfərində müsəlman truppası Dərbənd İctimai Şurasının zalında Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” tamaşasını göstərir. Aktyor Murad Muradov həmin günü sonralar belə xatırlayır:

“Birinci tamaşamızda camaat çox idi. Səhər teatrda məşqimiz var idi. Məşq zamanı Ərəblinskaya familiyalı bir müsəlman qadını səhnəyə gəldi. Bizlə tanış olub dedi ki, sizin oyunlarla çox maraqlanıram. Ancaq söhbətin çoxunu Hüseynlə edərdi. O, məşqə və bütün tamaşalara gəlirdi. Bir dəfə o bizə və Hüseynə gül gətirdi. Hüseyn ona dedi:
“Siz teatr ilə maraqlanırsınız? Gəlin səhnəyə. Mən burada sizin üçün bir həvəskarlar dərnəyi düzəldərəm”.

Qadın cavab verdi ki, mən teatr ilə maraqlanıram. Çox da istərdim teatrda iştirak edim. Ancaq onu bilin ki, bu mənim üçün çox çətin olar. Məni öldürərlər. Mən teatra və sizin yanınıza gəlməyə qorxuram. Xəlvət gəlirəm. Ancaq siz Dərbəndə tez-tez gəlin. Bakıya yolum düşsə, mən sizin teatra gəlib sizinlə görüşərəm. Bu qadın Hüseyn ilə çox söhbət edərdi. Biz gedən günü gəlib bizi ötürdü. Vaqonda gələndə Hüseyn çox bikef və fikirli deyirdi:
“O qadın heç mənim yadımdan çıxmır. Nə olardı, o mənə “partnyorşa” (tərəf müqabili – red.) olaydı. O mənə gül verdi və dedi ki, bu gül solacaq, yenə məndən sizə qoy yadigar olsun. Mən də onu yadigar saxlamaq istəyirəm. Ona görə də bu gündən mənim təxəllüsüm “Ərəblinski” oldu”. Həmin xanım Tağıyevin həyat yoldaşı Sona xanım idi...

Sona xanımın 16, Hacı Zeynalabdın Tağıyevin 73 yaşı vardı. Cəmiyyət Tağıyevin özündən yaşca çox cavan bir qızla evlənməsini birmənalı qarşılamamışdı. Təbii ki, Hüseyn məşhur milyonçunun həyat yoldaşını üzdən tanımaya bilərdi. Həmin dövrdə Sona xanımın da öz ata evinə qonaq kimi gəlməsi mümkün idi. Ancaq Hüseyn, Sona xanımla görüşlərdən mümkün qədər qaçmağa çalışarmış. Hüseyn başa düşürdü ki, səhnə təxəllüsüylə bağlı yaranan söz-söhbətlər, bədxahlarının Sona xanımla onun isti münasibətləri haqqında şəhərdə buraxdığı əsaslı və əsassız şayiələr bir gün Hacının səbir kasasını daşıra bilər.


***

Hüseyn Ərəblinskinin ən yaxın çiyindaşlarından və dostlarından biri olan Hüseynqulu Sarabski öz xatirələrində yazırdı ki, Əbdürrəhim bəy Haqverdiyevin bir çox əsərlərində iştirak edən Ərəblinski ilk dəfə Əbdürrəhim bəylə yazıçının qaldığı “İlhamiyyə” mehmanxanasında tanış olur. Söhbət əsnasında məlum olur ki, Haqverdiyev yenicə yazıb bitirdiyi “Ağa Məhəmməd şah Qacar” əsərini tamaşaya qoyulması üçün icazə alıb. Və o, Ağa Məhəmməd şah Qacar rolunu yazarkən məhz Ərəblinskinin nəzərə tutub. Lakin, bu xəbər Ərəblinskini şad etmir. Qacar şaha oxşadılması Ərəblinskiyə toxunur və o, Haqverdiyevdən inciyib mehmanxananı tərk edir. Ərəblinskinin incik düşməsi Haqverdiyevi mütəəssir edir. İki gündən sonra aktyor Hüseynqulu Sarabski evində verdiyi xudmani bir qonaqlıqda onları barışdırır.

***

Öz rollarının öhdəsindən məharətlə gəlməyi bacaran Ərəblinski bir dəfə Şillerin “Qaçaqlar” pyesindəki Frans rolu üzərində evdə məşq edir. Tərəf müqabili kimi Ərəblinski stulda öz anasını əyləşdirir və rolunu oynamağa başlayır. Fransın atasını boğma səhnəsi zamanı o da iki əli ilə anasının boğazından yapışıb “qoca köpək öl” sözlərini deyir. Bu vaxtı Ərəblinskinin anası qorxudan çığırıb qonşuları haraya çağırır.

Həmin dövrdə ən böyük narahatlıqlardan biri də qadın aktrisaların olmaması idi. Belə ki, bir çox qadın rollarını kişi aktyorlar oynamaq məcburiyyətində qalırdılar. Ərəblinski də bir çox əsərlərdə qadın rolları ifa edirdi. Bunun üçün o, hətta həmin illərdə böyük hay-küyə səbəb olacaq bir hərəkət edib, bığlarını qırxdırır. Qohum əqrəbalarının bir çoxu aktyor olduğu üçün ondan üz döndərir. Hətta onu ölümlə hədələyənlər də olur.

***

Deyilənlərə görə 1919-cu il martın 4-də axşam saat 6-da Hüseyn Ərəblinskini dayısı oğlu Əbdülxalıq evlərinə qonaq çağırır. Dayısı Hacı Əbdülkərimlə aralarında mülk üstündə davaları olduğuna görə Hüseyn getmək istəməsə də, çox söhbətdən sonra həyat yoldaşı Asiyanı da götürüb onlara gedir. Qəflətən baş verən mübahisə nəticəsində Əbdülxalıq tapançasını çıxarıb Hüseyni boğazından vuraraq qaçır. Ərəblinski 38 yaşında dünyasını dəyişir.

***

Ərəbliniskinin ölümündən sonra onun haqqında gəzən şaiyələr bitib tükənmək bilmir. Onun qətlini mühafizəkar qohumları tərəfindən törədildiyi deyilsə də, daha bir fərziyyə də ondan ibarət olur ki, Ərəblinskinin qətlini məhz Hacı Zeynalabdin Tağıyev sifariş edib. Belə ki, Ərəblinskinin onun arvadına vurğunluğu və bu haqda yayılan söz-söhbət milyonçuya pis təsir edir. Arvadının onun tamaşalarına getməsi, hətta Ərəblinskiyə maliyyə yardımı da etməsi bardağı daşıran son damla olur. Və Tağıyev Ərəblinskinin ölümünə fərman verir.

1919-cu ildə mart ayının 7-də Hüseyn Ərəblinski dəfn olunur. Həsən bəy Zərdabinin dəfnindən sonra Bakı belə izdihamlı və kədərli mərasim görməmişdi.

***

Cənazə aktyorun evindən qaldırılıb Təzə pir məscidinə aparılır. Orada bir mitinq olur. Tabut və mafə güllərlə, əklillərlə bəzənir.
Dəfn mərasimində Üzeyir bəy Hacıbəyli, Nəcəf bəy Vəzirov, Cəfər Cabbarlı, Salman Mümtaz qatılır, vida sözü söyləyirlər.

***

Ərəblinskinin xanımı Asiya Şişkina bir müddət sonra aktyor Ələkbər Hüseynzadəylə ailə həyatı qurur, onunla birlikdə Azərbaycanı tərk edir.

***

Aktyorun ölümündən sonra isə hər gün Bakı küçələrində ağlını itirmiş kasıb və yoxsul bir qadın əl açıb insanlardan pul dilənir. Bu qadın bir zamanlar gözəlliyi ilə ad-san qazanmış milyonçu Tağıyevin həyat yoldaşı Sona xanım, Ərəblinskinin isə sevdiyi qadın olur. 1938-ci ilin soyuq qış günlərinin birində, onu ovcunda bir parça quru çörək, küçələrdən birində ölmüş halda tapdılar.

0