Bakı bulvarını tikdirdi, cümhuriyyətə xəyanət etdi, özünü mələfə ilə asdı - Nazirimizin dəhşətli həyatı

ÖLKƏ
15:20 / 04.03.2021
1777

Bu gün Azərbaycan dövlət və siyasi xadimi Məhəmməd Hacınskinin doğum günüdür.

HİT.Az Kulis.az-a istinadən bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.


Məhəmməd Həsən Rzaqulu oğlu Hacınski martın 3-də 1875-ci ildə Bakıda doğulub. 1902-ci ildə Bakı Real Məktəbini, Peterburq Texnoloji İnstitutunu bitirib. Məhəmməd Həsən Hacınski Moskvadan Bakıya qayıdandan sonra şəhər idarəsində memar və idarənin tikinti şöbəsinin rəisi təyin olunub. Şəhərin abadlaşdırılması və yenidən qurulması sahəsində mühüm işlər görüb.

***

1891-ci ildə Kürdən şəhərə su çəkilməsi məsələsi qoyulsa da, həm təmizləyici qurğuların bəsitliyi üzündən, həm də çayın mənsəbinə digər şəhərlərin kanalizasiya sistemi qoşulduğundan, bu çaydan istifadə əhalidə qəti etiraz doğurub. Uzun müddət sonra 1911-ci ildə Şollar suyu Bakıya gətirilib. Şirvanşahlar sarayının qorunması və bərpası da Hacınskinin adı ilə bağlıdır.

***

1909-cu ildə Bakı şəhər Dumasının iclaslarının birində şəhər idarəsinin rəisi Məhəmməd Həsən Hacınski çıxış edərək bildirib ki, əhalinin boş vaxtının keçirilməsi üçün şəhərdəki Mixaylovski bağı azlıq edir və günün tələblərinə cavab vermir. Bu təklif çox razılıqla qarşılanıb. Şəhər Duması dənizkənarı bulvarın tikintisinə 60 min rubl ayırıb. Bulvarın tikintisinə nəzarəti Hacınski şəxsən özü edir.

***

Məhəmməd Həsən bəy “Pəncərədən daş gəlir” mahnısını çox sevərmiş. Kefinin yaxşı vaxtında o şövqlə bu mahnını oxuyar, hər zaman “Səadətim” çağırdığı ömür yoldaşı Səadət xanımsa onu cehizlik gətirdiyi oyma naxışlı, şamdanlı fortepianoda müşayiət edərmiş.

Hacınski “Müsavat” partiyasına üzv olub. Həmçinin Azərbaycan İstiqlal Bəyannaməsini imzalayanlardan biri idi. Daha sonra o, AXC qurulanda Xarici işlər naziri təyin olunub.

***

İyunun 4-də Hacınski Gürcüstan hökümətinə nota göndərərək gürcü qoşunlarının Borçalıdan çıxmasını tələb edib.

***

1918-ci ildə mart soyqırımı ilə bağlı yaratdığı komissiya 126 nəfərə qarşı cinayət işi açır.

***

Paris Sülh Konfransına göndərilən nümayəndə heyətinin tərkibində olan altı nəfərdən biri olub. Lakin iki aydan sonra Hacınski vətənə qayıdır. Hacınskinin vətənə göndərilməsi o zaman effektiv kommunikasiyanın olmaması ilə bağlı idi, Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi qrup Avropada Azərbaycanın müstəqilliyini tanıtmaq üçün lazım olan resursları və bu barədə informasiyanı paytaxta çatdırmaq üçün Hacınskini Bakıya yollayır. Hacınski Bakıda lazımi missiyanı yerinə yetirdikdən sonra yenidən Parisə dönməli idi. Lakin 1919-cu ilin sentyabrında vətənə gələn Hacınski fikrini dəyişir, bolşeviklərin Azərbaycana gələcəyinə əmin olan Məhəmməd Həsən bəy onlarla əlaqələrini möhkəmlətməyi daha doğru qərar olduğunu düşünür.

***

Fətəli Xan Xoyski hökumətinin istefasından sonra yeni hökuməti qurmaq Hacınskiyə tapşırılır. Hacınski isə bolşevikləri də yeni hökumətin tərkibinə daxil etmək istəyir. O, bildirir ki, Azərbaycan Kommunist firqəsi təklif edir, hökuməti onlara təslim edək. Lakin, bolşeviklər yeni hökumətə daxil olmurlar və hökumət təslim olur.

Aprelin 27-də ərizə yazaraq bolşeviklər partiyasına üzv olan Hacınskinin bu addımını silahdaşları hiddətlə qınayıblar. Cümhuriyyətin əks-kəşfiyyat idarəsinin rəisi Nağı bəy Şeyxzamanlı illər sonra onun bu hərəkətini yazdığı “Xatiratım” kitabında belə qiymətləndirib:

“Hökumətimizin daxilində çox məşum rol oynamış Məhəmməd Həsən Hacınski gizli olaraq Moskva agentləriylə sözləşmiş, hökumətimizin və xalqımızın əleyhinə çalışmışdır. Moskvanın göstərişi ilə hərəkət etmişdir. Əsl xəyanətkar olan bu bədbəxt xainin hərəkəti pula tamahı olmayıb alçaqlığından irəli gəlmişdir”.

***

AXCP-nin süqutu zamanı göstərdiyi mövqe ona qarşı bolşeviklərin adamı fikrini yaradır. Bolşevik işğalından sonra xalq təsərrüfatı sahəsində çalışan Hacınski Zaqafqaziya Dövlət Plan komitəsi sədrinin birinci müavini təyin olunub.

***

1922-ci il mayın 8-də ailəsiylə birlikdə Bakıdakı mənzilindən təkcə “oyma naxışlı, gümüş şamdanlı fortepianonu götürüb Tiflisə köçən Hacınski Tiflisdə Piroqov küçəsindəki 8 saylı binada yaşayır. Binanın 2-ci mərtəbəsində Hacınskilər ailəsi, 3-cüdə Zaqafqaziya Diyar Partiya Komitəsinin birinci katibi Lavrenti Beriya və illərlə Bakıda “Nina” bolşevik mətbəəsində çalışmış “Vano” ləqəbli İvan Sturua yaşayırmış. Məhəmməd Həsən Hacınski ona üz tutaraq “necə tale məni bu yaramazla bir evə salmışdır” deyə dəfələrlə qonşusu Lavrenti Beriyaya gizli nifrətini bildirirmiş. Həmin “yaramaz” bir müddət sonra qonşusunu həbs etdirir.

3 dekabr 1930-cu ildə gecə yaşadığı mənzilində axtarış olunduqdan sonra həbs edilən Hacınski diş tozu, şotka, sabun, dəsmal və Səadət xanımın qızlarının cehizindən çıxardığı qatı açılmamış mələfəni kiçik çamadanına qoyub həmişəlik gedir.

***

Həbsdə yatan Hacınski yazdığı məktubların birində deyir:
“Mənim yazıq yetimlərim, ananızı incitməyin, ona qulluq edin. Mənə heç nə göndərməyin, burada hamısı var. Pianonu satın, ac qalmayın”.

***

Məhəmməd Hacınski həbsdəki işgəncələrə dözməyərək 1931-ci il fevralın 8-də mələfədən doğrayıb hazırladığı kəndirlə həbsxanada özünü asır.

***

Hacınski son məktubu ölümündən bir gün öncə yazır və ailəsi ilə vidalaşır. Onlardan onu qınamamağı xahiş edir və özünün təmiz adam olduğunu bildirir: “Mən sizə heç bir dövlət qoymuram, çünki yoxumdur. Mənim dövlətim elə sizsiniz. Qardaşınız bacınız, bacınız qardaşınız üçün dövlətdir” .

İstintaq işində M. H. Hacınskinin 1907-ci ildən tanıdığı Serqo Orconikidzeyə və Ş. Eliavaya ünvanladığı məktub da var: “Tabutdan da sizə yalvarıram ki, mənim əməllərimə işıq tutub heç olmazsa, bu biabırçılıqların azalmasına yardım edəsiniz. Ölüm anında bildirmək istəyirəm ki, mən həqiqətən sizin quruluşa düşmən olsam da, bu hakimiyyət barədə ağzıma gələni danışsam da, əslində, açıq və qəti fəaliyyət üçün hər zaman tərəddüd etmişəm. Odur ki, mənim Sovet hökumətinə qarşı törətdiyim hər hansı bir ziyanlıqdan söhbət gedə bilməz”.

***

Məhəmməd Həsən bəyin ölümü həmin gün oğlu Şamillə həbsxanaya baş çəkməyə gəlmiş Səadət xanıma bildirilir. Ərinin cəsədinin qaytarılmayacağını öyrənən Səadət xanım S. Orconikidzeyə teleqram vurub vida görüşü almağa yardımçı olmasını xahiş edir. Ailəyə vida görüşünə icazə verilir. Növbəti gün Serqo Orconikidzenin göstərişi ilə Səadət xanımla Şamil onun cəsədi ilə vidalaşır. Sonra mərhumun şəxsi əşyası kimi onlara təqdim olunan xırda çemodanı da götürüb evə qayıdırlar. Onun içərisindən çıxan mələfədən doğranıb hazırlanmış kəndiri aparıb xəlvətcə vaxtilə F. X. Xoyskinin və H. Ağayevin də dəfn edildikləri Mirzə Fətəli Axundovun məzarının ayaq tərəfində basdırırlar.

0