8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində Parlamentlərarası Şura (Inter-Parliamentary Union – IPU) dünyanın qanunverici orqanlarında qadınların bərabər təmsilçiliyi uğrunda mübarizədə uğurlarını elan edib. Belə ki, 2020-ci ildə tarixdə ilk dəfə dünyada parlamentarilərin 25,5%-ni qadınlar təşkil edib.
HİT.az-ın "Interfax"a istinadən məlumatına görə, bu barədə IPU-nun açıqlamasında deyilir.
"Bu, bir irəliləyişdir, lakin tam bərabərlik hələ çox uzaqdır", - Şuranın məlumatında qeyd olunub.
Postsovet məkanının bir çox ölkəsi qadınların milli qanunvericilik orqanlarında yüksək təmsilçiliyi ilə seçilmir. Məsələn, Rusiya bu reytinqdə 138-ci yeri tutur və bu göstəriciyə görə, keçmiş SSRİ ölkələrinin siyahısının autsayderidir. Belə ki, rusiyalı qadınlar aşağı palatada yerlərin 15,8%-ni, yuxarı palatada isə 17,1%-ni tutur.
Bu dövlətlər qrupu arasında lider qlobal reytinqdə 22-ci yerdə qərarlaşan Belarusdur. Bu ölkədə aşağı palatanın 40%-ni, yuxarı palatanın isə 25%-ni qadınlar təşkil edir. Vəziyyətə dinamik baxdıqda, keçən il 14 Avropa ölkəsində keçirilən seçkilərin nəticələrinə görə, onlardan üçündə – Azərbaycan, Çexiya və Rumıniyada qadınlar mandatların 20%-ni belə əldə edə bilməyiblər.