Bu gün 10 min əsgər kazarmaları tərk edir, 100-dən çox texnika, 200-ə qədər artilleriya, 30-a qədər döyüş təyyarəsi və PUA-ların iştirakı ilə anti-terror təlimləri başlayır.
Məqsəd dağlıq-meşə və çətin relyefli ərazilərdə ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşmasını məşq etməkdir.
Diqqətçəkən məqamlar:
- 44 günlük müharibədən sonra ordunun ilk genişmiqyaslı hərbi təlimlər keçirməsi: döyüş başa çatıb və 4 aylıq fasilədən sonra ordunun hazırlıq vəziyyəti yoxlanılır;
- Bütün növ qoşun növlərinin XTQ-nin əməliyyat-taktiki gedişlərinə uyğunlaşdırılması: bundan sonra ordunun əməliyyat taktikası xüsusi təyinatlılarla koordinasiya üzərində qurulur;
- Terrorçu dəstələr (qruplar), həmçinin qanunsuz silahlı qruplaşmalara qarşı mübarizə və anti-terror əməliyyatları: Qarabağ münaqişəsi həll edilib, Azərbaycanın qonşu ölkələrə qarşı hərbi iddiası yoxdur, hədəf taxtasında ölkə daxilindəki qanunsuz silahlı birləşmələr və terrorçu qruplaşmalardır.
Hədəf nədir?
Cari: Qarabağdakı terrorçu qruplaşmaların çıxarılması tələbini masada daha güclü şəkildə irəli sürmək;
Ortamənzilli: Danışıqlarla həll edilmirsə, mümkün anti-terror əməliyyatının keçirilməsi.
Burada iki məqam xüsusilə önəmlidir:
1. Təlimlərin hədəfi – qanunsuz silahlı qruplaşmalarla mübarizə və anti-terror əməliyyatı – rəsmi Bakının "Azərbaycanın ərazi bütövlüyü təmin edilib”, "Qarabağdakı silahlı qruplaşmalar qanunsuzdur və onlara qarşı addımlar anti-terror xarakteri daşıyacaq” mövqeyinin hərbi müstəvidə nümayiş etdirilməsidir;
2. Masada istəyimizə nail olmasaq, anti-terror əməliyyatı Xankəndidə yox, erməni silahlı birləşmələrin Azərbaycan ordusu ilə üzbəüz dayandığı ətraf ərazilərdə keçirilə bilər və bu, ruslara qəti mövqe nümayiş etdirmək məqsədi daşıyacaq.
Putinin Əliyevə zənginin arxasındakı səbəblərdən biri də məhz bu təlimlər idi: ruslar məsələlərin masada həllində maraqlıdır və bununla həm vaxt qazanır, həm də sülhməramlı imicini qorumağa çalışırlar.
Asif Nərimanlı