Rusiya qazı Ermənistana növbəti üç həftə ərzində Azərbaycan vasitəsilə çatdırılacaq: səbəb “Şimali Qafqaz – Cənubi Qafqaz” kəmərində təmir işlərinin aparılmasıdır.
Bakının ermənilərin soyuq havada donmaması üçün tranzit olması yaxın və uzaq perspektiv üçün yeni imkanlar yaradır.
Yaxın perspektiv: Rusiya, Ermənistan və beynəlxalq ictimaiyyət:
1. Ermənistanın qaz tədarükünün texniki problemə görə dayanmamasını Moskva Bakıdan istəyib, Azərbaycan razılaşır və bununla üç həftə qazsız qalacaq Ermənistanda Rusiyaya qarşı arta biləcək narazılığın qarşısını almaqla Moskvaya jest edir, həm də regional əməkdaşlıqda maraqlı olduğunu göstərir.
2. Eyni jest Ermənistanla bağlı Bakının strateji planında xüsusilə önəmlidir:
- ermənilər üç həftə qazsız qalacaqlarsa, bu, onsuz da ciddi təzyiqlə üzləşən Paşinyan hakimiyyəti üçün əlavə problem yarada bilər: Bakı Ermənistan hakimiyyətini çətin vəziyyətdən xilas edir və Nikolun revanşist qüvvələrin qarşısında əlini gücləndirir;
- Paşinyan ermənilər üzərində münaqişənin həll edilməsi və Ermənistanın blokadadan çıxmasının müsbət tərəflərini əyani şəkildə göstərmək imkanı əldə edir;
- bu, Bakının “erməni xalqı bizim düşmənimiz deyil” tezisinin ermənilərə açıq şəkildə nümayiş etdirilməsidir;
- ermənilər münaqişənin həllindən sonra blokadanın aradan qaldırılmasının ilk nəticələri ilə qarşılaşacaq.
Beləliklə, Ermənistan hakimiyyəti regionda normal münasibətlərin qurulmasının xeyirlərini öz xalqına göstərə, Azərbaycan da belə imkan yaratmaqla Ermənistan üzərində təsir imkanları qazana bilər.
3. Bakı bununla beynəlxalq ictimaiyyətə əməkdaşlığa açıq olduğunu əyani şəkildə göstərir: diplomatiya üçün önəmli istinad nöqtəsidir.
Azərbaycan üç həftəlik tranzit gedişi ilə müharibədən sonra həyata keçirdiyi regional əməkdaşlıq strategiyasında ciddi addımlarından birini atır.
Və burada uzaq perspektivdə mümkün imkanların qazanılması da var: Azərbaycan qazı üçün Ermənistan bazarı;
Ermənistan üçün uzaq Rusiya qazındansa qonşu Azərbaycan qazını almaq perspektivi açılır: üç həftəlik təchizatla erməni cəmiyyətinə belə imkanların olduğunu göstərmək imkanı var;
Azərbaycanın Ermənistan bazarına çıxışı bu ölkənin iddialarından əl çəkməsi, ümumilikdə, Bakı-Ankara təsir dairəsinə daxil olması baxımından əhəmiyyətlidir;
Önümüzdəki bir il ərzində İğdır-Naxçıvan boru kəmərinin inşası başa çatdırılacaq. Naxçıvanın qaz təchizatına hesablanan bu kəmər Azərbaycan qazının gələcəkdə Ermənistan bazarına çıxarılması üçün də infrastruktur ola bilər.
Asif Nərimanlı